KOORDİNASİYA ŞURASININ İLK İCLASI KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

KOORDİNASİYA ŞURASININ İLK İCLASI KEÇİRİLİBMart ayının 28-də “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planınına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində (AEİMM) Koordinasiya Şurasının (bundan sonra Şura) ilk iclası keçirilib. 

Şuranın iclasında Strateji Yol Xəritəsində qarşıya qoyulan əsas hədəflərdən danışan Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov Şuranın yaradılmasında əsas məqsədin aqrar elm sahəsində perspektiv elmi istiqamətlərin müəyyənləşdirilməsi və aparılan elmi tədqiqatların nəticəyönümlülüyünün artırılması istiqamətində fəaliyyətlərin koordinasiya olunmasını nəzərə çatdırıb.

Koordinasiya Şurasının iclasında aqrar elmdə mövcud tədqiqat istiqamətləri və mövzuları, sorğu əsasında perspektiv tədqiqat istiqamətləri ilə bağlı elmi-tədqiqat institutlarından və regional aqrar elm və informasiya məsləhət mərkəzlərindən daxil olmuş təkliflər, alınan elmi nəticələrin bilavasitə fermer təsərrüfatlarında tətbiq olunması və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə aqrar elmin qarşısına  qoyulmuş  vəzifələrlə bağlı müzakirələr  aparılıb.

Müzakirələrdə “Qarabağ Toxum” MMC-nin icraçı direktoru Rəcəb Orucov, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Əlövsət Quliyev, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi  Fikrətzadə, Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayromov, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, “Azərbaycan Kənd Təsərrüfatı Treninq və İnkişaf Mərkəzi”nin baş icraçı direktoru Pavel Belorusskiy çıxış edərək son dövrlər aqrar sahənin dinamik inkişafı, aqrar sahəyə innovasiyaların tətbiqi, kənd təsərrüfatının intensiv inkişafı yolları və aqrar tədqiqatların əhəmiyyəti, özəl təsərrüfatların elmi müəssisələrlə əlaqələrinin genişləndirilməsi və elmi potensiallı yerli mütəxəssislərin bilik və təcrübələrindən geniş istifadənin vacibliyi, tədqiqat prioritetləri müəyyənləşdirilərkən istehsalçıların tədqiqat ehtiyacları nəzərə alınmaqla aşağıdan-yuxarıya prinsipi ilə fəaliyyət göstərilməsinin əsas kriteriya kimi götürülməsi, tədqiqat prioritetlərinin müəyyənləşdirilməsi üçün ilk öncə metodologiyanın işlənib hazırlanması və bu sahədə beynəlxalq təcrübədən yararlanmağın vacibliyini vurğulayıblar.

Koordinasiya Şurasının iclasında Əsasnaməyə uyğun olaraq açıq səsvermə yolu ilə AEİMM-n baş direktoru Rəsul Balayev Şuranın sədri, “Qarabağ Toxum” MMC-nin icraçı direktoru Rəcəb Orucov sədr müavini, AEİMM-in Elmi işlərin planlaşdırılması  və koordinasiyası şöbəsinin müdiri Şükür Əhmədov isə katibi seçilib.

Sonda nazir müavini Seyfəddin Talıbov Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.