FERMERLƏRƏ SERTİFİKATLAR TƏQDİM OLUNUB

Böyütmək | Kiçiltmək |

 

FERMERLƏRƏ SERTİFİKATLAR TƏQDİM OLUNUB“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq regionlarda toxumçuluq və tingçiliyin genişləndirilməsi məqsədi ilə Nazirlik tərəfindən müvafiq tədbirlər görülür.

Aprelin 6-da Kənd Təsərrüfatı Nazirliyində,  Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin toxum istehsalçılarının reyestrinə daxil edilməsi üzrə yaradılmış attestasiya komissiyasının sədri, nazir müavini İlham Quliyevin sədrliyi ilə Attestasiya Komissiyasının iclası keçirilib.

İclasda hüquqi və fiziki şəxslər tərəfindən Nazirliyə daxil olan müraciətlərə təsərrüfat nümayəndələrinin iştirakı ilə baxılaraq, 10 təsərrüfat taxıl toxumçuluğu, 1 təsərrüfat taxıl və paxlalı bitkilər toxumçuluğu, 3 təsərrüfat taxıl və yonca toxumçuluğu, 1 təsərrüfat taxıl toxumçuluğu və meyvə tingçiliyi, 2 təsərrüfat meyvə tingçiliyi və 2 təsərrüfat kartof toxumçuluğu, 3 təsərrüfat meyvə tingçiliyi üzrə olmaqla, cəmi 22 təsərrüfatın toxum və ting istehsalçısı kimi qeydiyyata alınması barədə müvafiq qərar qəbul olunub. Təsərrüfatçılar qərardan razılıqlarını bildiriblər.

Qeyd edək ki, özəl toxumçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən fermerlər sertifikat almaq üçün Elektron Hökumət portalı vasitəsilə ( E-GOV.AZ) müraciət edə bilərlər.

Məlumat üçün bildirək ki, hal-hazırda ölkəmizdə 300-dən artıq toxum və ting istehsalçısı qeydiyyatdadır.