DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

19 may 2018-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində “Azərbaycan ərazisində mövcud fitosanitar vəziyyət və bitki mühafizəsi sahəsində innovativ idarəetmənin tətbiqi” mövzusunda ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə Dövlət Xidmətinin Mərkəzi Aparatının, Respublika Bitki Mühafizəsi Mərkəzinin, Rayon Bitki Mühafizəsi Mərkəzlərinin, Rayonlararası Bioloji laboratoriyaların və Regional Aqrokimya laboratoriyalarının rəhbərləri və mütəxəssisləri iştirak ediblər.

Dövlət Xidmətinin rəisi Camal Quliyev müşavirədə respublika ərazisində mövcud fitosanitar vəziyyəti geniş təhlil edərək, zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin rasionallaşdırılması, pestisidlərdən istifadə zamanı müasir yanaşmanın tətbiqi, bioloji mübarizə üsullarından istifadənin genişləndirilməsi, inteqrir mübarizə tədbirləri sxeminə keçidin sürətləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, məhsul istehsalçıları ilə əlaqələr genişləndirilməli, texniki innovasiyalar əsasında respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizmi təkmilləşdirilməli, Dövlət Xidmətinin qurumları arasında mövcud olan elektron idarəetmə sisteminin çoxfunksiyalılığı təmin edilməlidir. “Zərərli orqanizmlərə nəzarət sisteminin səmərəliliyini yüksəltmək məqsədi ilə çəyirtkəkimilərin monitorinqi və idarə edilməsi üzrə istifadə edilən Məlumatların Avtomatlaşdırılmış Toplanma Sistemi digər əsas zərərvericilərə də tətbiq edilməli, statistik informasiyaların daxil olması üçün interfeys və coğrafi informasiya sistemi məhsulları yaradılmalıdır”. 

“Regional aqrokimya laboratoriyaları tərəfindən əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda torpağın morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri, rütubət ehtiyatı ilə təmin edilməsinin müəyyənləşdirilməsi, torpağın qida maddələri ilə təminolunma dərəcəsindən, bitkilərin bioloji xüsusiyyətindən və məhsuldarlıqdan asılı olaraq tələb olunan gübrə normalarının təyin edilməsi sahəsində fermerlərə və torpaq mülkiyyətçilərinə dəstək gücləndirilməlidir”, deyə C. Quliyev vurğulayıb.

Dövlət Xidmətinin rəisi diqqətə çatdırıb ki, görülən işlər bitkiçilik məhsullarının istehsalının artırılmasına, keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına, insan sağlamlığına, ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsinə, davamlı aqrobiosenozların yaradılmasına və respublika ərazisində fitosanitar sabitliyin qorunub saxlanılmasına, bitki mühafizəsi sahəsində fəaliyyət göstərən qurumların cəmiyyətdə müsbət imicinin formalaşdırılmasına və nüfuzunun yüksəldilməsinə xidmət edəcək.

Müşavirədə bitki mühafizəsi tədbirlərinin çevikliyini, obyektivliyini və etibarlılığını təmin etmək məqsədi ilə əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərinin proqnozu əsasında mübarizə tədbirlərinin vaxtının və həcminin müəyyənləşdirilməsi, məlumat və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi ilə bağlı daxili kommunikasiya sistemlərinin inkişaf etdirilməsi məsələləri hərtərəfli müzakirə edilib və müvafiq tapşırıqlar verilib.

DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB

DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB