HARAMI DÜZÜ TAXIL MÖVSÜMÜNƏ HAZIRLAŞIR

Böyütmək | Kiçiltmək |

Bu yerlərdə mövsümün təsərrüfat qayğıları çoxdan başlayıb. Qışın mülayim keçməsi torpaq adamlarını sahələrə vaxtından əvvəl çıxmağa vadar edib. Taxıl sahələrində, meyvə ağaclarında oyanma, vegetativ inkişaf başlayb. Deyirlər ki, təbiətin bu cür siqnallarına öyrəşiblər, işə sahələrə aqrotexniki qaydalara uyğun olaraq yemləmə gübrələrinin verilməsi ilə başlayıblar. Həmsöhbətlərim ürək ağrısı ilə danışırdılar ki, bu gün Füzulinin ən bərəkətli torpaqları işğaldadır, “yoxsa, görərdiniz rayon neçə qaynayır”.

Bu ilin məhsulu üçün rayonda 28 min 275 hektarda buğda, 8475 hektar arpa, 150 hektarda xəsil əkilib. Ümumi əkin dövriyyəsi 36 min 900 hektarı əhatə edir. 

Əvvəlcə, yolumuzu vaxtı ilə “Azərbaycanın Qazaxıstanı” adını  almış Haramı düzündən saldıq, qələbəlik idi, onlarla texnika qışlama dövrünü başa çatdırmış bitkilərə yemləmə gübrələrinin verilməsi ilə, işçi heyət isə ərazidə yayılmış siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri aparırdılar. Dəmyə əkinçiliyinin hakim olduğu Haramı düzü Füzuli ilə yanaşı, Beyləqanın böyük bir hissəsini əhatə edir, burada iri təsərrüfatlar son illər böyük uğurlara imza atır.

“Natural-Aqro” MMC-nin 2700 hektar ərazisi var, onun 1800 hektarında payızlıq taxıl əkilib, yerdə qalan hissəsində isə yazlıq bitkilər səpiləcək. Hazırda təsərrüfatın ərazisində yemləmə, ziyanvericilərlə və alaq otlarına qarşına mübarizə aparılır. Bu il yağıntıların az düşməsi riskini müsir yağmurlama sisteminin tətbiqi ilə aradan qaldıracaqlar. Aqronom Qurban İmranov:” İlkin proqnozumuz hektardan 35 sentinerdir. Şükür, havalar imkan verir ki, aqrotexniki tədbirlərimizi optimal vaxtda başa çatdıraq.  Hələ noyabrdan ziyanvericlərə qarşı mübarizəyə başlamışıq. Yazlıq əkinlər üçün hazırlıqlarımız başa çatıb, martın 30-dan qarğıdalı səpininə başlayacağıq. Haramı torpağı ağır torpaqlardır, tərkibi qumlu-gilli olduğu üçün direnaj kanallarının qazılması, mineral gübrələrdən normalara uyğun istifadə olunması vacibdir. Ötən ildən üzvi gübrələrdən də  istifadə etməyə başlamışıq, hektara 20-30 ton verilib, bu da torpalarda minerallaşmanı təmin edəcək. Dövlət dəstəyi təsərrüfatın inkişafında mühüm rol oynayır”.

Haramı düzündə intensiv metodlara əsaslanaraq əkin aparan digər şirkət isə “Kraunko” MMC-dir. Uzun illlərdir “ilan mələşən” çölü “çörək təknəsi”nə çevirmiş kollektiv bu il sahələrini 11 min hektara çatdırıb. Təsərrüfatın rəhbəri Hətəm Həsənov mövsümü belə qiymətləndirdi:”Təsərrüfatımızın rayon iqtisadiyyatında əhəmiyyəti böyükdür. Sahələrimizdə yüzlərlə sakin ilböyü çalışır, daimi iş yeri qazanır. Mənə görə, taxıl müqəddəs bitkidir, bu il də bizi çətin vəziyyətdə qoymayacaq,  yüksək məhsuldarlıq gözləyirik. Son günlər Haramıda taxıl hafı geniş yayılıb, hazırda ona qarşı mübarizə aparırıq. Əkinlərimizin çox hissəsi düşmənlə təmas xəttində yerləşir, elə yerlər var ki, 300-400 metr məsafədədir. Lakin düşmən bizi qorxutmur, torpağa sevgimizi göstəririk ki, ata-baba yurdlarımızdan vaz keçmədiyimizi başa düşsünlər”.

Rayonun böyük hissəsi işğalda olduğu üçün əkin sahələri dağınıq ərazilərdə yerləşir. Ona görə də ən ağır məsuliyyət rayon bitki mühafizə mərkəzi əməkdaşlarının üzərinə düşür. Bütün əraziləri gəzir, xəstəlik, zərərvericilərin hərəkətini müşahidə edir, vaxtında qarşısının alınması üçün fermerlər arasında maarifləndirmə işləri aparırlar. Sahələrdə müşahidələr apararkən rayon bitki mühafizə mərkəzinin rəisi Mənsur Əliyevlə görüşdük:” Bu il 6 min hektardan çox ərazidə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılıb, indi isə alaq otlarına qarşı mübarizə tədbirlərinə kömək edirik, hələlik rayon üzrə 5 min hektarda alaq otları təmizlənib. Bu il qış mövsümü quraq keçdiyinə görə taxıl üçün təhlükələr də artıb. Müşahidələrimiz təmas xəttinə yaxın - 500 metrə qədər olan əraziləri də əhatə edir”. Rayon bitki mühafizə mərkəzinin baş mütəxəssisi Rəhman Rüstəmov:”Ən ciddi problemimiz də budur, ermənilər işğal etdikləri ərazilərimizdə heç bir mübarizə tədbirləri aparmırlar, nəticədə mövsüm başlayan kimi təmas xəttinin o üzündən gəmiricilər əkinlərə cumurlar. Çalışırıq ki, bu barədə fermerləri vaxtında xəbərdar edək. Bizim müşahidə obyektimiz təkcə taxıl bitkiləri deyil, Füzulidə əhalinin əsas məşğuliyyəti sırasında yem bitkiləri, tərəvəzçilik və digər sahələr də var. Bu sahələrin də mühafizəsi bizim üzərimizdədir”.   

Ərazini gəzdikcə atəş səsləri aydınca eşidilir, torpaq adamlarının  aktivliyini kənardan görən düşmən ara-bir artileriya atəşləri açmaqla fasilələr yaratmağa, əmək insanlarını qorxutmağa çalışır. Amma hamı düşmənin niyyətini bilir deyə soyuqqanlılıq nümayiş etdirirlər. Mexanizatorlarla görüşdük, dedilər ki, daha əvvəlki vəziyyət deyil, Lələtəpədə dayanan əsgərlərimiz düşmənin istənilən atəşinə layiqli cavab verərək onları susdururlar. “Bu cür hərbə-zorbalar daha bizi qorxuda bilməz”- deyən mexanizator Tofiq Quliyev bildirdi ki, beş gündür sahələrə çıxıb gündəlik 50 hektar sahənin yemləmə gübrəsini səpirlər: “Traktorlarımızla düşmən postunun 300 metrliyinə qədər gedib çıxırıq, ötən il bir texnikamız minaya düşdü, ondan sonra ayıq-sayıqlığımızı bir az da artırmışıq”. Mexanizator Hümbət Əsədov dedi ki, Beyləqan sakini olsada artıq 8 ildir Haramı düzündəki təsərrüfatda çalışır, o da həmkarının fikrinə qüvvət verdi:” Öz torpağımızda ermənidən qorxmaq nə deməkdir? Ağlımıza belə gətirmirik! Əsas odur ki, işdə fasilə yaranmaması üçün nahara vaxt ayırmırıq, elə əlüstü, edirik ki, texnikalar boş dayanmasın”.  

Rayonda gedən bütün əkin, aqrotexniki qulluq tədbirlərinə Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin bütün əməkdaşları cəlb olunub. Mərkəzin direktoru Hüseyn Abbasov özü cəbhə xəttinə yaxın kəndlərə getmişdi, müavini Elgün Gəraylı isə Haramı düzünün monitorinqini aparırdı. O, yaz qulluq işlərinin günün tələbləri səviyyəsində aparıldığını dedi:”Proses başlamamış yerli aqrolizinq anbarında gübrə ehtiyatı yaradılıb, əkin altında olan bütün sahələr üçün 1 hektara 150 kiloqram azot gübrəsi norması təmin olunub. Səpin vaxtı şumaltı gübrələrdən və dəmyə şəraitinə dözümlü toxum sortlarından istifadə olunub. Bu gün rayonda 70 min nəfərdən çox insan məskunlaşıb, son illər torpağa münasibət ciddi şəkildə dəyişib, hamı əkib-biçmək istəyir ki, bu da bizi qürurlandırır. Hər gün sahələri gəzirik, fermerlərə lazımi məsləhətləri veririk, artıq aprel ayında gözlənilən mərakeş çəyirtgələrinin hücumu ilə bağlı monitorinqlər aparır, mübarizə vasitələrini müəyyən edirik. Artıq şənbə-bazar günləri də daxil fasiləsiz iş rejimi elan etmişik. Hər il olduğu kimi bu ildə Füzuli nəticələrinə görə lider rayonlar sırasında olacaq. Çalışacağıq ki, ölkəmizin çörəyini qoruyaq, itirməyək”.  

Rayonda hər il yüz min tondan artıq taxıl məhsulları istehsal olunur, orta məhsuldarlıq 30 sentiner təşkil edir. Araz çayı əsas su mənbəyi sayılır, rayon ərazisində 23 min 737 hektar sahəni suvaran 53 nasos stansiyası, 3600 hektarı suvaran 151 artezian quyusu, 260 kilometrlik kollektor şəbəkəsi aktiv vəziyyətdədir. Fərdi təsərrüfatlarda 36 min 418 baş iribuynuzlu, 138 min 545 baş xırdabuynuzlu, 370 min baş quş bəslənir. Yerli aqrolizinq filialından bildirdilər ki, bu il biçin mövsümü tez başlayacağından 52 ədəd kombayn işlək vəziyyətə gətirilib.

“Torpağı əkib becərmək, onu qorumaq qədər vacibdir”. Bu cəbhəyanı rayonda olduğumuz günlərdə ən çox eşitdiyimiz zərbi-məsəl oldu. Başa düşdük ki, bu tezis ümumrayon işlək sözünə çevrilməklə barıtqoxulu rayonda torpaq adamları üçün dərin psixoloji məna ifadə edir. Dedilər ki, biçin vaxtı gəlsəniz bu mənanı əməli ifadədə daha aydın görə bilərsiniz...

HARAMI DÜZÜ TAXIL MÖVSÜMÜNƏ HAZIRLAŞIR
HARAMI DÜZÜ TAXIL MÖVSÜMÜNƏ HAZIRLAŞIR
HARAMI DÜZÜ TAXIL MÖVSÜMÜNƏ HAZIRLAŞIR
HARAMI DÜZÜ TAXIL MÖVSÜMÜNƏ HAZIRLAŞIR
HARAMI DÜZÜ TAXIL MÖVSÜMÜNƏ HAZIRLAŞIR

Nicat Nəsirli