“Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması üzrə texniki dəstək layihəsinin icrasına başlanmışdır.

Böyütmək | Kiçiltmək

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması üzrə texniki dəstək layihəsinin icrasına başlanmışdır.“Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sistemi”nin (SSİS) yaradılması layihəsi çərçivəsində Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinin icrasına başlanmışdır.

Bu məqsədlə, Kənd Təsərrüfatı Nazirliyinin məsul vəzifəli şəxslərinin, eləcə də sözügedən layihənin icrası üzrə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən keçirilmiş beynəlxalq tenderin qalibi olan və özündə Vialto Consulting (Macarıstan), Telfort (Niderland), Agrotec (İtaliya), Elmi-Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı İnstitutu (Macarıstan), İqtisadi İslahatlar İnstitutu (Niderland) və Litva Milli Ödəniş Agentliyini birləşdirən Vialto Konsorsiumunun ekspertlərinin iştirakı ilə Nazirlikdə iclas keçirilmişdir.

İclası giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov qonaqları salamlayaraq, ölkəmizdə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) yaradılması üzrə görülmüş cari işlər, həlli vacib məsələlər və qarşıya qoyulmuş məqsədlər barədə geniş məlumat vermiş, o cümlədən EKTİS-in ölkəmiz üçün prioritet məsələ olmaqla, Nazirliyin rəhbərliyinin gündəlik nəzarətində olduğunu qeyd etmişdir.

Bundan əlavə, iclasda layihənin icrası üzrə Vialto Konsorsiumun ekspertləri ilə tanışlıq keçirilmiş, layihə rəhbəri Pavel Trojaçekin layihənin icra qrafiki, nəzərdə tutulan fəaliyyətlər və gözlənilən nəticələri barədə ətraflı təqdimatı dinlənilmiş, eləcə də geniş fikir mübadiləsi aparılmışdır.

Layihə çərçivəsində EKTİS-in icrası üçün metodologiya və təlimatların hazırlanması, məhsulların keyfiyyətinin yoxlanması, proqram təminatı komponentlərinin səmərəli və düzgün şəkildə istifadə edilməsi, həmçinin müvafiq təlimlərin keçirilməsi ilə Nazirliyə dəstək göstəriləcəkdir.