DÖVLƏT BAYTARLIQ NƏZARƏTİ XİDMƏTİ YENİ REYDLƏR KEÇİRMİŞDİR

Böyütmək | Kiçiltmək |

DÖVLƏT BAYTARLIQ NƏZARƏTİ XİDMƏTİ YENİ REYDLƏR KEÇİRMİŞDİR“2008-2015- ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” na uyğun olaraq ölkə əhalisinin kifayət miqdarda heyvan mənşəli məhsullarla təmin edilməsi zamanı həmin məhsulların baytarlıq-sanitariya tələbləri baxımından keyfiyyətli və sağlam olması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının “Baytarlıq haqqında” Qanununa əsasən ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin fəaliyyəti son vaxtlar daha da gücləndirilmişdir.

Bu istiqamətdə aparılan tədbirlər çərçivəsində 30 noyabr və 1 dekabr 2015-ci il tarixlərində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhəri və Bərdə rayonu ərazilərində reydlər keçirmişdir.

Reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda 30 noyabr 2015-ci il tarixdə gecə saat 11-12 radələrində Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu “Mersedes” markalı yük avtomaşını saxlanılmışdır. Heyvan cəmdəklərinə baxış keçirilən zaman heç bir müşayətedici baytarlıq və digər sənədlərinin olmadığı müəyyən edilmişdir.

Avtomobil sürücüsününün və yükü müşayət edən şəxsin izahatlarına görə yük avtomobilindəki heyvan cəmdəkləri Bərdə şəhəri S.Vurğun küçəsi 9 nömrəli evin sakini Novruzov Seyfəddin Vəliyəddin oğluna məxsusdur. Novruzov Seyfəddin Vəliyəddin oğlunun həyətində ona məxsus dövlət baytarlıq qeydiyyatında olmayan iki soyuducu kameralara 1 dekabr 2015-ci il tarixdə baxış keçirilmiş və 20 tondan yuxarı mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri aşkar edilmişdir.

Aşkar edilmiş heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, göyərmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olmuşdur. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təhvil verilmişdir. Laborator müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcəkdir. Qanun pozuntuları aşkar olunarsa ciddi inzibati tədbirlərin görülməsi üçün toplanmış sənədlər prokurorluq orqanlarına göndəriləcəkdir.

Bu kimi tədbirlər respublikanın bütün rayonlarında davam etdiriləcəkdir.