BİLƏSUVARDA PAMBIQÇILIQDA XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ İLƏ BAĞLI FERMERLƏRƏ SEMİNAR-TƏLİM KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

Biləsuvarda yerli və xarici ekspertlərin iştirakı ilə pambıqçılıqda xəstəlik və zərərvericilərə qarşı mübarizə ilə bağlı kimyəvi preparatlardan istifadə qaydalarına həsr olunmuş seminar-təlim keçirilib.  Təlimdə Kənd Təsərrüfatı Nazirliyi, “Azərpambıq ASK” MMC, Respublika Bitki Mühafizə Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyinin Salyan Regional bölməsi, Türkiyənin “Aqrobest” şirkətinin nümayəndələri, eləcə də Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayonlarında pambıqçılıqla məşğul olan fermerlər iştirak edib. 

Bildirilib ki, respublikamızda pambıq sovkası, tor gənəsi, payızlıq sovka, mənənə, trips, karadrina, əməköməci güvəsi pambığın əsas zərəvericilərindən sayılır. Qeyd olunub ki, pambıqçılıqda yüksək və keyfiyyəti məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsidir. Fermerlərin diqqətinə çatdırılıb ki, xəstəlik və zərərvericilərə qarşı vaxtında tədbir görülmədikdə bitkinin məhsuldarlığı 30-40 faiz aşağı düşür.

Vurğulanıb ki, pambıq sahələrində zərərvericilərin çoxalmasının qarşısını almaq üçün aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərindən kompleks formada istifadə edilməlidir. Zərərvericilərin normal qidalanmasını və onların çoxalmasını təmin edən yabanı bitkilər pambıq sahəsi və kənarlarından vaxtında təmizlənməli, əkinlərə yüksək səviyyədə qulluq edilməli, kultivasiya, suvarma, alaqdan təmizləmə, üzvi və mineral gübrələrdən düzgün istifadə, uc vurma əməliyyatının aparılması yüksək məhsul əldə edilməsinə zəmin yaradır.

Təlim iştirakçılarına pambıqçılıqda xəstəlik və zərərvericilərə qarşı mübarizə ilə bağlı kimyəvi preparatlardan istifadə qaydaları izah olunub, bu zaman təhlükəsizlik qaydalarına əməl olunması ilə əlaqədar tövsiyələr verilib.

Seminar-təlimdə pambıqçı fermerləri maraqlandıran suallar cavablandırılıb, onlara lazımi məsləhətlər verilib.

Qeyd edək ki, respublikanın ayrı-ayrı rayonlarında belə təlimlər mütəmadi olaraq keçilir. Bol məhsul əldə edilməsi üçün pambığın zərərvericilərinə qarşı müşahidə və mübarizə işləri davam etdirilir.

BİLƏSUVARDA PAMBIQÇILIQDA XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ İLƏ BAĞLI FERMERLƏRƏ SEMİNAR-TƏLİM KEÇİRİLİB