NAZİR HEYDƏR ƏSƏDOV QƏBƏLƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək |

NAZİR HEYDƏR ƏSƏDOV QƏBƏLƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Kənd təsərrüfatı naziri Heydər Əsədov dekabrın 25-də Qəbələ rayonunda Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan və Abşeron rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 25 nəfərin müraciətinə baxılıb.

NAZİR HEYDƏR ƏSƏDOV QƏBƏLƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜBQəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikalarının alınmasına kömək göstərilməsi və texniki təminatın artırılması, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, baytarlıq nəzarəti xidmətinin gücləndirilməsi, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər. Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Heydər Əsədov sakinlərlə görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncamları ətraflı şərh edib, qəbul olunmuş sərəncam və qərarların bütövlükdə kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə kənd təsərrüfatının inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbul başa çatdıqdan sonra nazir Heydər Əsədov Qəbələ şəhərində inşa edilən Kənd Təsərrüfatı Idarəsinin inzibati binasında tikinti işlərinin gedişi ilə maraqlanıb.