ABŞERON RAYONUNUN GÜZDƏK QƏSƏBƏSİNDƏ 4 TONA YAXIN MƏNŞƏYİ MƏLUM OLMAYAN ƏT AŞKARLANIB

Böyütmək | Kiçiltmək |

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması, əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir və bu məqsədlə mütəmadi olaraq reydlər keçirir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti yanvarın 9-da Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini, icarədar olan Sərdar Şahverdiyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində reyd keçirmişdir. Reyd Daxili İşlər Nazirliyinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun iştirakı ilə aparılmışdır.

Reyd nəticəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət, heyvan sümükləri və skilletləri aşkar olunmuşdur.

Mənşəyi məlum olmayan həmin heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcəkdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və  sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.