MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Böyütmək | Kiçiltmək |

MƏTBUAT XİDMƏTİNİN MƏLUMATISon günlərdə bəzi kütləvi informasiya vasitələrində banan meyvələrində qeyri adi qırmızı ləkələrə rast gəlinməsi meyvələrin daxilinə yeridilmiş qan kimi qələmə verilir. Bu hallar insanlar arasında narahatlığa səbəb olmuşdur. Bildiririk ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən  idxal olunan banan meyvələrinə karantin baxışı keçirilərkən  bu tip meyvələrə rast gəlinməmiş, Dövlət Xidməti tərəfindən  kənd təsərrüfatı məhsullarının topdan  və pərakəndə satış məntəqələrində fitosanitar monitorinqlər həyata keçirilmiş  və  bitki  mənşəli xəstəliklərlə yoluxma ehtimalı  olan banan meyvələrindən laboratoriya analizləri məqsədilə nümunələr götürülmüşdür.

Məsələ ilə bağlı Dövlət Xidmətinin “üzərində qan ləkəsi olması  ehtimal edilən banan meyvələrinin xidmətə təqdim edilməsi  ” barədə açıqlamasından sonra quruma vətəndaşlar tərəfindən də ekspertiza üçün bir neçə banan nümunələri təqdim edilmişdir.

Dövlət Xidmətinin Respublika Bitkilərin Karantin Ekspertiza Mərkəzində banan nümunələrinin müvafiq ekspertizaları keçirilmiş, götürülmüş nümunələrdən  yalnız pərakəndə satış məntəqələrində  uzun müddət əlverişsiz  şəraitdə saxlanılan banan  meyvələrində  və vətəndaşlar tərəfindən  təqdim edilmiş  iki nümunədə  qanabənzər ləkələr aşkar edilmişdir.

Müvafiq ekspertizalar nəticəsində banan meyvələri daxiində müşahidə edilən qana bənzər ləkələrin bakterial mənşəli olduğu, “bananın qan xəstəliyi” bakteriyası ( Pseudomonas celebensis Gaumann, 1929) tərəfindən törədildiyi, lakin bitki mənşəli bu xəstəliklə bağlı çoxsaylı xarici elmi  ədəbiyyatlar təhlil edilməsi nəticəsində xəstəliyin insana və digər bitkilərə keçmədiyi, insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli olmadığı müəyyən edilmişdir. Xəstəliyə nadir hallarda rast  gəlinir.

Bakteriya ilk dəfə 1920 -ci illərdə İndoneziyanin Sulavesi, keçmiş Celebes bölgəsində cır banan üzərində aşkar edilmişdir. Bakteriyalar əsasən məhsul düzgün saxlanılmadıqda xaricdə heç bir əlamət görünmədən, bir neçə həftə ərzində sirayətlənmiş meyvə daxilində inkişaf edə bilir. Bu səbəbdən də  yetişməmiş halda yığılan  və idxal edilən banan meyvələrində aşkar edilmir. Xətəlik torpaq, yağış suları və tozlandırıcı həşarat vasitəsilə yayılır. Yalnız banan bitkisi üzərində müşahidə olunur və digər bitkilər üçün fitosanitar risk daşımır. Banan meyvələri satış məntəqələrində əlverişsiz şəraitdə saxlanıldıqda xəstəlik inkişaf edərək, meyvələrin xarab olmasına səbəb olur.

Eyni zamanda  Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində götürülmüş nümunələr ətraflı təhlil edilmiş, aparılan analizlər nəticəsində banan nümunələrində pestisidlər, nitrat və nitritlər, ağır metallar və mikotoksinlər aşkar edilməmişdir.

Bir daha bildiririk ki, bu xəstəlik insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli deyil.

Vətəndaşlara satış məntəqələrində əlverişsiz şəraitdə uzun müddət saxlanılan banan və digər meyvə-tərəvəzləri almamaları tövsiyyə olunur.

Qeyd etmək lazımdır ki, 2016-cı ilin yanvar ayı ərzində Dövlət Fitosanitar Nəzarəti Xidmət tərəfindən üzərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilmiş və keyfiyyət göstəriciləri standartlara uyğun olmayan 10517 kq meyvə-tərəvəz məhsulu dövriyyədən çıxarılaraq məhv edilmişdir. Məhv edilmiş meyvələrin 101,5 kiloqramını banan meyvələri təşkil edir.