NAZİR HEYDƏR ƏSƏDOV AVSTRİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

NAZİR HEYDƏR ƏSƏDOV AVSTRİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ GÖRÜŞÜBBu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Avstriya Respublikasının Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Aksel Vex ilə görüşüb.

Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olmuşdur.

Qonağı səmimi salamlayan nazir Heydər Əsədov iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş, ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıdan söhbət açmış, Azərbaycanda  aqrar sahədə həyata keçirilən institusional islahatlar barədə geniş məlumat vermişdir.

Nazir iki ölkə arasında aqrar sahədə əlaqələrin perspektiv imkanlarından danışaraq Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırmış, həmçinin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Avstriya Respublikasının Federal Kənd Təsərrüfatı, Meşə, Ətraf Mühit və Su Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanmasının sürətləndirilməsi, iki ölkə arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanması imkanlarının araşdırılması, ailə fermer təsərrüfatlarında innovasiyaların tətbiqi sahəsində Avstriya təcrübəsinin öyrənilməsi, Avstriyanın iş adamları tərəfindən ət və ət məhsullarının emalı sahəsində mütərəqqi texnologiyaların ölkəmizdə nümunələrinin yaradılması üzrə müzakirələrin aparılması, damazlıq heyvanların alınması istiqamətində əməkdaşlığın davam etdirilməsi, ekoloji kənd təsərrüfatı məhsullarının istehsalı, toxumçuluq sisteminin təşkili sahəsində Avstriya təcrübəsinin öyrənilməsi, kənd təsərrüfatı və ərzaq məhsullarının Avstriyaya ixracı imkanlarının araşdırılması və s. məsələlərin vacibliyini vurğulamışdır.   

Səmimi qəbula görə təşəkkür edən səfir Aksel Vex iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulamışdır.