AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİRAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı tərəfindən icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətlinin Gücləndirilməsi Layihəsi (KTRQGL) çərçivəsində bitki sağlamlığı və fitosanitariya sisteminin təkmilləşdirilməsi sub-komponenti üzrə “Zərərverən orqanizmlərə qarşı inteqrir mübarizə tədbirləri” (ZQİMT) mövzusunda fermerlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Təlimlərin səmərəli təşkili, ölkə üzrə bu sahədə fəaliyyət göstərən müvafiq qurumların və mütəxəssislərin potensialından tam faydalanmaq məqsədi ilə  10 Mart  2016-cı il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetində Dəyirmi Masa keçirilmişdir.

Dəyirmi masada Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elm və Təhsil şöbəsinin müdiri Namiq Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov,  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin (DFNX) rəisi Camal Quliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Zaur Əliyev, Bitki Mühafizə və Texniki Bitkilər üzrə Elmi Tədqiqat İnstitutu (BM TB ETİ), Elmi-Tədqiqat Əkinçilik, Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq, Elmi-Tədqiqat Tərəvəzçilik  institutlarının rəhbərləri və bu sahədə çalışan mütəxəssislərinin iştirak etmişdir.

Dəyirmi Masanın açılışında ADAU-nun rektoru AMEA-nın müxbir üzvü prof. İbrahim Cəfərov çıxış edərək Zərər verən orqanizmlərə qarşı inteqrir idarəetmə üsullarının mahiyyəti və əhəmiyyəti haqqında məlumat verdi. Daha sonra DFNX-nin rəisi Camal Quliyev respublikada fitosanitar vəziyyət haqqında məlumat verərək mövcud vəziyyət və qarşıda duran məsələlər haqqında çıxış etdi. KTRQGL-nin direktoru Anar Əzimov və bitki sağlamlığı üzrə mütəxəssisi Cəfər Məhərrəmov layihənin məqsədi və görüləcək tədbirlər haqqında məlumat verdi. ZQİMT mövzusunda təlimlərin təşkil olunması üçün BM TB ETİ-nin bilik və bacarıqları ilə tanışlıq məqsədi ilə institutun şöbə müdiri Kazım Hüseynov  çıxışı dinlənilmişdir. Daha sonra dəyirmi masada müzakirələr qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilmişdir.

Sonda təlimlərin keçirilməsi üçün prioritet kənd təsərrüfatı bitkiləri, regionlar və təlim mövzuları müəyyən edilmişdir. Təklif olunmuşur ki, görüşdə iştirak edən Elmi Tədqiqat İnstitutları prioritet bitki kulturaları üzrə Zərərverən orqanizmlərə qarşı inteqrə olunmuş mübarizə metodlarını özündə əks etdirən fəaliyyətlər üzrə təkliflərini KTRQGL-nin idarə etmə qrupuna göndərsin.