CƏLİLABAD RAYONUNDA ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

CƏLİLABAD RAYONUNDA ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB
Martın 31-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Üzüm bağlarında aqrotexniki tədbirlərin elmi əsaslarla aparılması yüksək məhsuldarlığın əsasıdır” mövzusunda elmi-praktik seminar keçirilib.

Cəlilabad rayonunda üzümçülüklə məşğul olan fermerlərin və torpaq mülkiyyətçilərinin, yerli icra strukturlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi baş direktorunun birinci müavini Eldar Kosayev elmi-praktik seminarın məqsəd və vəzifələrindən danışıb.

CƏLİLABAD RAYONUNDA ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİBTəlim məşğələsində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Pənahovun “Üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsinin müasir istiqamətləri”, institutun Cəlilabad Dayaq Məntəqəsinin direktoru Azad Əkbərovun “Üzümlüklərdə xəstəlik və zərərvericilərin təyin edilməsi, onlara qarşı mübarizə tədbirləri”, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş mütəxəssisi Faiq Xudayevin “Aqrar sahədə informasiya məsləhət xidmətinin rolu”, Cəlilabad Calaq-Üzüm Əkin Materialları üzrə İstehsal Müəssisəsinin direktoru İmran Babayevin “Üzüm bağlarında aqrotexniki qulluq işlərinin mövsüm üzrə aparılması qaydaları” mövzularında məruzələri dinlənilib.

Açıq dialoq şəklində davam edən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra tədbir iştirakçıları Cəlilabad rayonunun üzüm bağlarında mövsümi aqrotexniki qulluq işlərinin aparılması qaydaları ilə əyani surətdə tanış olublar.