FAO-NUN GENDER MƏSƏLƏLƏRİ ÜZRƏ TƏLİM KURSLARI KEÇİRİLİR

Böyütmək | Kiçiltmək

FAO-NUN GENDER MƏSƏLƏLƏRİ ÜZRƏ TƏLİM KURSLARI KEÇİRİLİRFAO-nun Azərbaycan Respublikasınin Kənd Təsərrüfatı Nazirliyi və Türkiyənin Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə birgə əməkdaşlıq şəraitində FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirdiyi “Kənd ərazilərində yaşayan qadınların kəndin dayanıqlı inkişafının sosial-iqtisadi və gender aspektləri üzrə imkanlarının artırılmasına dəstək (Türkiyə-Azərbaycan)” layihəsi çərçivəsində 5 aprel 2016-cı il tarixdə təlim kursları öz işinə başlamışdır.

Layihənin məqsədi gender baxımından həssas kənd təsərrüfatı yayım və kənd məsələhət xidmətlərinin yaradılmasını və fəaliyyət göstərməsini gücləndirməkdir. Kənd əhalisi üçün qadınların ehtiyacları da nəzərə alınmaqla kənd təsərrüfatı üzrə təlim və məsləhət xidmətlərinin yaradılması və göstərilməsinin gücləndirilməsidir. Əsas diqqət qadın fermerlərin xüsusi ehtiyaclarıni nəzərə almaq və təmin etməklə həm qadın, həm də kişi fermerlərin ehtiyaclarına eyni şəkildə cavab verən tələb-yönümlü proqramların tərtib edilməsi üçün alət və metodların hazırlanmasına yönəldilmişdir.  Azərbaycanda layihə Quba, Samux və Salyan rayonları olmaqla üç rayonu əhatə edir.

Layihənin fəaliyyətlərinə təlimçilər üçün vəsaitin hazırlanması, pilot olaraq seçilmiş bir qrup təlimçi, eləcə də kənd qadınları üçün məsləhətçilər kimi hazırlıq təlimlərinin keçirilməsi və onların xaricə səfəri daxildir.

5-8 aprel 2016-cı il tarixlərində Bakıda təşkil ediləcək təlimlərdə 35 ekspert iştirak edəcək. Təlimin əsas məqsədi iştirakçıların fəaliyyət göstərdikləri ərazilərdə kənd təsərrüfatında çalışan qadınların ehtiyaclarına uyğunlaşdırılmış məsləhət xidmətlərinin yaradılması və göstərilməsində bacarıq və imkanların artırılmasıdır. Təlimin sonunda iştirakçıların gender münasibətləri və bu münasibətlərin kənd yerlərində sosial-iqtisadi şərait və fəaliyyətlərə təsiri barədə daha aydın təsəvvürə malik olmaları gözlənilir. Təlim eyni zamanda iştirakçıların istər qadınlar, istərsə də kişilərin istehsal prosesində spesifik ehtiyaclarıni daha yaxşı sezə bilməsi və bu ehtiyacların daha effektiv qarşılanmasına yönəldilmiş metod və alətlərin müəyyən edilməsi və istifadəsi üzrə bacarıqlarının artırılmasına xidmət edəcək.

Təlim FAO-nun Azərbaycan tərəfdaşları üçün ikinci proqram fəaliyyətidir. 2015-ci ilin dekabrında Kənd Təsərrüfatı Nazirliyinin dörd eksperti türk həmkarları ilə birlikdə İtaliyada təlim səfərində  iştirak etmişlər.

Layihənin Azərbaycanda həyata keçiriləcək növbəti fəaliyyəti seçilmiş üç pilot ərazidə kənd qadınları üçün təlimlərin keçirilməsi olacaq. Layihə əldə edilən təcrübə və çıxarılan nəticələri təqdım və müzakirə etmək üçün Türkiyə və Azərbaycan nazirliklərinin nümayəndələri və layihə iştirakçıları bir araya gətirəcək və 2016-ci ilin iyun ayında keçiriləcək seminarla yekunlaşacaq. Bu seminar gender baxımından həssas kənd məsləhət xidmətinin göstərilməsində ümumi çətinlikləri və qabaqcıl təcrübələri, eləcə də iki ölkə arasında mümkün gələcək əməkdaşlığı müəyyən etmək  üçün əla fürsətdir.  

Təlimi giriş sözü ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Rəsul Balayev açdı. Çıxışında kənd ərazilərinin dayanıqlı inkişafında qadınların roluna toxunan məruzəçi qadınların iqtisadi fəaliyyətdə təkcə işçi qüvvəsi kimi iştirakından deyil, eləcə də təsərrüfatın idarə edilməsi, məhsulun emalı və marketinqinə verdiyi töhfədən söz açdı. Natiqin fikrinə görə qadınların başçılıq etdiyi təsərrüfatlar  adətən daha rentabelli fəaliyyət göstərirlər. Xüsusilə heyvan mənşəli məhsulların emalında əsas yük qadınların üzərinə düşür. Məruzəçi kənd məsləhət xidmətlərinin göstərilməsində qadınların verə biləcəyi töhfədən danışaraq gələcəkdə bu sahəyə xüsusi diqqət yetiriləcəyini nəzərə çatdırdı.

FAO-nun Azərbaycandakı Nümayəndəsi Təranə Bəşirova tədbirdə çıxış edərək FAO-nun gender bərabərliyi üzrə 2012-ci ildə qəbul etdiyi siyasətdən, gender məslələrinin əhatə edilməsinin Təşkilatın 2010-2019-cu illəri əhatə edən Strateji Çərçivəsinin tərkib hissəsi olduğunu və bütün siyasət və proqramlarının başlıca prinsipinə çevrildiyini qeyd etmişdir. Məruzəçi həyata keçirilən layihənin Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının kənd qadınları üçün təlim və məsləhət xidmətlərinin göstərilməsi ilə əlaqədar imkanlarının artırılmasına, pilot rayonlarında yaşayan kənd qadınları üçün ehtiyaclara uyğun təlimlərin keçirilməsi vasitəsilə onların potensialının yüksəldilməsinə, sosial-iqtisadi səlahiyyətlərinin artırılmasına və əməyi ödənilən məşğulluq sektoruna daxil edilməsinə töhfə verəcəyini bildirmişdir.