"QUŞ QRİPİ"NƏ GÖRƏ APARILAN NÖVBƏTİ MONİTORİNQ VƏ MÜAYİNƏLƏRİN NƏTİCƏLƏRİ MƏLUM OLDU

Böyütmək | Kiçiltmək |

"QUŞ QRİPİ"NƏ GÖRƏ APARILAN NÖVBƏTİ MONİTORİNQ VƏ MÜAYİNƏLƏRİN NƏTİCƏLƏRİ MƏLUM OLDUAprelin 4-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq başlanmışdır. Bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilmişdir. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülmüşdür.

“Quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 22 baş çöl quşlarının patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1322 baş ev quşlarının qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilmişdir. Dövlət Baytarlıq Nəzarəti Xidməti bununla əlaqədar bildirir ki, müayinələr aprelin 15-də başa çatmış və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməmişdir.

Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməmiş, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməmişdir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların saxlanılması baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə həyata keçirilsin.

“Quş qripi” xəstəliyinin ölkəmizə köçəri quşlardan keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Nəzarəti Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcəkdir. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqə may ayının 2-dən start veriləcəkdir.

Hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.