KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ SÜRÜCÜLÜK VƏSİQƏSİ VERMƏK ÜÇÜN 8 RAYONDA İNFRASTRUKTUR YARADIB 

Böyütmək | Kiçiltmək |

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən Kənd Təsərrüfatı NazirliyininBaş Dövlət Texniki Nəzarət Müfəttişliyi traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün nəzəri və təcrübi imtahanları keçirir, sürücülük vəsiqəsini verir və dəyişdirir.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində 2015-ci ildə avtomatlaşdırılmış informasiya sistemi yaradılmış, bütün növ kənd təsərrüfatı texnikalarının qeydiyyata alınması, qeydiyyatdan çıxarılması, texniki baxışın aparılması, ipoteka yüklülüyü, sürücülük vəsiqəsinin verilməsi (dəyişdirilməsi)  və sair əməliyyatlar elektron qaydada təşkil edilmişdir. Avtomatlaşdırılmış informasiya sistemi digər lazımı dövlət orqnalarının elektron sisteminə inteqrasiyası nəzərdə tutulmuşdur.

Müfəttişlikdə texnikaların ixtisaslı kadrlar tərəfindən idarə olunması məqsədilə sürücülük kurslarını bitirmiş vətəndaşlardan imtahanların test üsulu ilə (elektron) qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron qaydada qəbul olunması təmin edilmişdir. Bu sahədə bölgələrdə səkkiz (Bərdə, Ağsu, Qazax, Şəki, Şirvan, Masallı, Qəbələ, Quba) infrastruktur yaradılmışdır.

Bu infrastrukturlara, həmçinin yerlərdə traktor sürücüsü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi tapşırılmışdır. Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədilə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində səyyar  xidmət qrupu  yaradılmışdır. Bu xidmət qrupu bölgələrdə növbə ilə mexanizatorlara yerindəcə qısa müddətdə sürücülük vəsiqələrini dəyişdirilməsini müntəzəm olaraq həyata keçirəcəkdir.

Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarına əsasən sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:

18 yaşdan 60 yaşadək şəxslər üçün — 10 il;

60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət;

70 və daha çox yaşı olan şəxslər üçün — 2 il;

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarına əsasən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır:

  1. etibarlılıq müddətinin qurtarması;
  2. sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
  3. yazılarında dəqiqsizlik müəyyən edilməsi;
  4. yararsız hala düşməsi;                                  
  5. itirilməsi;
  6. yeni nümunəsinin təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Qeydiyyat İmtahan Məntəqəsi (QİM) tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:

-  Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

- sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);

- qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz;

- 60 və daha çox yaşı olan şəxslər üçün tibbi arayış.