DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ LƏNKƏRAN VƏ ASTARA MEŞƏLƏRİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏYƏ BAŞLAYIB

Böyütmək | Kiçiltmək |

DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ LƏNKƏRAN VƏ ASTARA MEŞƏLƏRİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏYƏ BAŞLAYIBAstara və Lənkaran rayonlarında mövcud olan meşə sahələrində şümşad, dəmirağac və palıd ağaclarının müxtəlif zərərvericilərə yoluxması faktı aşkar olunub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən meşə ağacları zərərvericilərinin kənd təsərrüfatı bitkiləri əkilmiş sahələrə və digər yaşıllıq zonalarına yayılmasının qarşısını almaq məqsədi ilə kimyəvi mübarizə tədbirlərinə başlanılıb.

Vəziyyətin ciddiliyini nəzərə alan Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi mərkəzinin yerli qurumunun əməkdaşları əvvəlcə Astara rayonunun Təngərüd, Maşxan, Sərək, Siyətük, Pensər və Kiyəbə yaşayış məntəqələri yaxınlığında yerləşən 85 hektar sahəni əhatə edən meşə zolağında zərərvericilərə qarşı  ilkin mübarizə tədbirlərinə başlayıblar.

Mübarizə tədbirləri daha sonra Lənkəran rayonunun Boladi, Hirkan, Xanbulan, Cil, Xarxatan, Osaküçə yaşayış məntəqələrinə yaxın olan və 35 hektar əraziyə malik olan meşə fondlarında davam etdirilib. Hazırda adıçəkilən ərazilərdə genişmiqyaslı mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycan Respublikasının Meşə Məcəlləsinə uyğun olaraq, ölkə ərazisindəki meşə fondlarının mühafizəsi və qorunması tədbirlərinin birgə aparılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib.