NAZİR HEYDƏR ƏSƏDOV MACARISTAN RESPUBLİKASININ XARİCİ İŞLƏR VƏ TİCARƏT NAZİRİ PİTER SİYARTONUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

NAZİR HEYDƏR ƏSƏDOV MACARISTAN RESPUBLİKASININ XARİCİ İŞLƏR VƏ TİCARƏT NAZİRİ PİTER SİYARTONUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜBİyun ayının 28-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov Macarıstan Respublikasının xarici işlər və ticarət naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Piter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək cari ilin may ayında Macarıstana səfəri çərçivəsində keçirilən görüşlərin aqrar sahədə əlaqələrin daha da inkişafı üçün əhəmiyyətli olduğunu nəzərə çatdırıb.

Macarıstan Respublikasının xarici işlər və ticarət naziri Piter Siyarto səmimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini diqqətə çatdırıb və Azərbaycan Respublikası Prezidenti ilə Macarıstanın Baş naziri arasında imzalanmış müqavilələrin iki ölkə arasında aqrar sahədə də əlaqələrin daha da dərinləşməsinə öz töhvəsini verəcəyinə əminliyini ifadə edib.

Cənab Piter Siyarto ikitərəfli əməkdaşlıq əlaqələrindən danışaraq, əsasən toxumçuluq sahəsində uğurlu tərəfdaşlığın olduğunu nəzərə alaraq birgə toxum fondunun yaradılması, qoyunçuluq sahəsində əməkdaşlığa dair Macarıstan tərəfindən texniki yardım göstərilməsi, iki ölkənin kənd təsərrüfatı sahəsi üzrə elm və təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və Macarıstandan Azərbaycana iri buynuzlu mal-qaranın idxal edilməsi, qida təhlükəsizliyi sahəsində əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.  

Macarıstan Respublikasının xarici işlər və ticarət naziri Piter Siyarto elm-təhsi sahəsində əlaqələrin daha inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektorunu Macarıstana səfərə dəvət edib.

Macarıstanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini vurğulayan nazir Heydər Əsədov Macarıstandan iribuynuzlu mal-qaranın idxal edilməsi, hibrid qarğıdalı toxumunun alınması və toxumçuluq üzrə birgə müəssisələrin yaradılması, müxtəlif kənd təsərrüfatı bitkilərinin (üzüm, buğda, arpa, qarğıdalı və tərəvəz) seleksiyası, toxumçuluq və tingçilik üzrə təcrübə mübadiləsi, bu ölkədən yüksək məhsuldar qoyun cinslərinin gətirilməsi, iki ölkənin elm-təhsil müəssisələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyi sahəsində Macarıstan təcrübəsinin öyrənilməsi, bu sahələrdə texniki dəstəyin göstərilməsini nəzərə çatdırıb.

Nazir Azərbaycandan Macarıstana kənd təsərrüfatı və ərzaq məhsullarının, o cümlədən  meyvə, nar şirələrinin ixracının artırılması üçün müzakirələrin aparılması və bu istiqamətdə əməkdaşlığın artıq praktiki müstəviyə keçirilməsini məqsədəuyğun hesab edib.  

Cənab Piter Siyarto qeyd olunan məsələlər, xüsusilə qida təhlükəsizliyi məsələsində texniki yardım göstərməyə hazır olduğunu və bundan sonra da ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.