KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALI VƏ EKOLOGİYA SİSTEMİNİN MÜHAFİZƏSİ ÜÇÜN NƏZARƏT VƏ DİAQNOSTİK XİDMƏTLƏR YAXŞILAŞDIRILACAQ

Böyütmək | Kiçiltmək |

KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALI VƏ EKOLOGİYA SİSTEMİNİN MÜHAFİZƏSİ ÜÇÜN NƏZARƏT VƏ DİAQNOSTİK XİDMƏTLƏR YAXŞILAŞDIRILACAQİyunun 28-də Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində dövlət fitosanitar müfəttişləri və laboratoriya mütəxəssisləri üçün karantin tətbiq edilən zərərli orqanizmlərin diaqnostikasına həsr olunmuş seminar işə başlayıb.

Dünya Ticarət Təşkilatının maliyyə dəstəyi ilə növbəti iki il ərzində həyata keçiriləcək layihənin əsas məqsədi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və ekologiya sisteminin mühafizəsi üçün fitosanitar nəzarətin təkmilləşdirilməsi məqsədilə Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən nəzarət və diaqnostik xidmətlərin təminatının yaxşılaşdırılmasına dəstək verməkdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev seminarda bildirib ki, layihə çərçivəsində beynəlxalq standartların Azərbaycanda tətbiqinin genişləndirilməsi, mütəxəssislərin, eləcə də, respublikada diaqnostik xidmətlərin, laboratoriyaların səviyyəsinin gücləndirilməsi nəzərdə tutulur. Bu prosesin davamlı olaraq keçirilməsi ölkədə fitosanitariya sahəsində elektron xidmətləri yaxşılaşdırılacaq. Eyni zamanda, sərhəddə Dövlət Gömrük Komitəsi əməkdaşları ilə birgə çalışan Dövlət Fitosanitar Nəzarəti Xidməti işçilərinin bilik və peşə səviyyəsi artırılacaq, laboratoriya sistemində isə kadrların xarici ölkələrdə təlim keçməsinə şərait yaradılacaq.

Dövlət Gömrük Komitəsinin təmsilçisi Rauf Məmmədov qeyd edib ki, respublikamızda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet məsələlərindən biridir. Odur ki, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı görülən tədbirlər, beynəlxalq ticarət sahəsində əlverişli şəraitin yaradılması Dövlət Gömrük Komitəsinin qarşısında duran başlıca vəzifələrdən sayılır.

FAO-nun Azərbaycandakı nümayəndəsi xanım Mələk Çakmak, layihənin beynəlxalq eksperti Natalya Şerokolava bitki mənşəli məhsulların beynəlxalq ticarətinin inkişafı və regionda ölkələr arasında ticarət dövriyyəsinin artması zəminində Azərbaycanda fitosanitar nəzarətin daha da gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıblar.

Məruzəçilər ölkədə diaqnostik xidmətlərin gücləndirilməsinə, həmçinin zərərverici risk analizlərinin aparılmasına ehtiyac duyulduğunu qeyd ediblər.