AZƏRBAYCANLA FARANSA ARASINDA KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ ƏLAQƏLƏR MÜZAKİRƏ OLUNUB

Böyütmək | Kiçiltmək |

AZƏRBAYCANLA FARANSA ARASINDA KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ ƏLAQƏLƏR MÜZAKİRƏ OLUNUBİyun ayının 30-da nazir müavini İlham Quliyev Fransanın mərkəzləşdirmə və regonlararası əməkdaşlıq üzrə Milli Komissiyanın baş katibi, Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran Forun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin müzakirəsi olub.

İlham Quliyev Azərbaycanın tarixən aqrar ölkə olduğunu, doqquz iqlim tipi olan coğrafi məkanda yerləşdiyini, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətli olduğunu qonaqların diqqətinə çatdırıb.

Nazir müavini son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar  barədə geniş məlumat verib və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb.

Nazir müavini İlham Quliyev Azərbaycanla Fransa arasınsa siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların olduğunu söyləyib.

Nazr müavini xatırladıb ki, Azərbaycanda kənd təsərrüfatı heyvanlarının cins tərkibinin yaxşılaşdırılması məqsədilə Fransanın Şarole cinsindən olan damazlıq heyvanlar (alpin keçiləri) Aqrolizinq ASC vasitəsilə Azərbaycana gətirilib. Həmçinin Quba Regional Aqrar Elm Mərkəzi “Frazer” layihəsi çərçivəsində respublikamıza virussuz tinglər gətilirib və intensiv tipli meyvə bağları salınıb. Fransanın “İMV Technologies” (Baytarlıq təbabəti avadanlıqları) müəssisəsindən Respublika Süni Mayalama Mərkəzi üçün süni mayalama avadanlıqları alınıb və bu avadanlıqlar Mərkəzdə fransız mütəxəssislər tərəfindən quraşdırılıb. Gəncə şəhərində təşkil olunmuş Beynəlxalq Üzüm və Şərab Festivalında fəxri qonaq qismində geniş tərkibdə Fransa nümayəndə heyətinin də iştirak etdiyini qeyd edib.

Səmimi qəbula görə təşəkkür edən cənab Bertran For Azərbaycanın meyvə və tərəvəz məhsullarının ekoloji baxımdan təmiz olmasıının artıq Avropada bəlli olduğunu qeyd edib və Fransa ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verilməsini vurğulayıb.

Qonaq  iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin bundan sonra da daha da inkişaf etməsi üçün öz səylərini əsigəməyəcəyini bildirib.