PAMBIQ YIĞIMI ÜÇÜN YENİ TEXNİKA ALINIB

Böyütmək | Kiçiltmək |

Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, tezliklə başlanacaq pambıq yığımı üçün Aqrolizinq Səhmdar Cəmiyyətinin rayon bölmələrinin istifadəsində kifayət qədər texnika var və lazım olduqda, fermerlər texnika üçün müraciət edə bilərlər. Bu il yığım üçün Nazirliyin sifarişi ilə fermerlərin istifadəsi üçün yeni texnikalar gətirilib. ABŞ-nın John Deer və Case brendlərinə məxsus yüksək məhsuldarlıqlı pambıqyığan kombaynlar, Belarus istehsalı olan Belarus 80X traktoru üzərində quraşdırılan pambıq yığan maşın və bir sıra başqa texnika bazalara yerləşdirilməkdədir.

  

PAMBIQ YIĞIMI ÜÇÜN YENİ TEXNİKA ALINIB

 

Ölkəmizdə pambıqçılığın inkişafı kənd təsərrüfatında prioritet sahələrdən olduğundan pambığın becərilməsində  texnoloji  əməliyyatları yerinə yetirmək məqsədilə bu il 41 adda 1313 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb. 40 ədəd traktor, 54 ədəd kotan, 48 ədəd riper, 162 ədəd pnevmatik və 74 mexaniki çiyid səpən maşın,119 ədəd mala, 184 ədəd kultivator, 94 ədəd gübrə səpən maşın, 149 ədəd çiləyici, 183 ədəd traktor qoşqusu və başqa yeni texnika fermer təsərrüfatlarının istifadəsinə verilib.

 

Respublikamızda pambıq əsasən Sabirabad, Saatlı, İmişli, Bərdə, Ağcabədi, Biləsuvar, Beyləqan, Salyan, Ağdaş, Ağsu, Neftçala rayonlarda əkilib və bol məhsul gözlənilir.

 

Fermerlər texnika ilə bağlı Aqrolizinq ASC-nin rayon bölmələrinə müraciət edə bilərlər. Səhmdar Cəmiyyətin 12 regionda nümayəndəliyi, 47 rayon bölməsi fəaliyyət göstərir. Rayon bölmələrinin istifadəsində 247 ədəd traktor, 818 ədəd müxtəlif kənd təsərrüfatı maşını var.

 

Kənd Təsərrüfatı Nazirliyi hər hansı problemlə qarşılaşarlarsa, fermerlərdən sabit (rayon, şəhər) telefonla 1652 telefon nömrəsinə ödənişsiz zəng edib, Nazirliyin Çağrı Mərkəzinə məlumat verməyi xahiş edir.