Taxıl toxumunu haradan almaq olar? – Siyahı

Böyütmək | Kiçiltmək |

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti fermerlərin toxum ala biləcəkləri müəssisələrin siyahısını yayıb (link: http://sorttoxumagro.gov.az/public/pdf/Toxum_istehsalcilari_2016.xlsx.pdf). Siyahıda 2016-cı ildə 1-ci və 2-ci reproduksiyalı taxıl toxumları istehsal edən Kənd Təsərrüfatı İstehsalat Müəssələri MMC-lərdə və özəl toxumçuluq təsərrüfatlarının adları yer alıb. Siyahı 40 rayondan 168 hüquqi və fiziki şəxsi əhatə edir. Siyahıda şəxslərin adları və onlara verilmiş sertifikatların nömrələri ilə yanaşı, ünvanları, becərdikləri arpa və buğda toxumlarının sortları da qeyd edilib.

Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə Əsasnaməyə uyğun olaraq yaradılmış Attestasiya Komissiyasından keçdikdən sonra şəhadətnamə alıb, reyestrə düşə bilərlər. Attestasiyadan keçmək üçün verilən tələblərdən 2 ildən az olmayan iş təcrübəsini, toxum və yaxud ting istehsalı ilə məşğul olmaq üçün mülkiyyətində,  icarəsində və ya istifadəsində taxıl toxumçuluğu üzrə minimum 50 hektar, pambıq toxumçuluğu üzrə minimum 15 hektar, meyvə, üzüm və çay tingliyi üzrə minimum 1 hektar, tərəvəz toxumçuluğu  üzrə minimum 5 hektar torpaq sahəsinin olmasını, bölgənin torpaq-iqlim şəraitindən asılı olaraq, elmi cəhətdən  əsaslandırılmış toxumçuluq üzrə növbəli əkin sisteminə əməl etməsini, dəmyə torpaqlarda son 3 ildə əkin strukturunda ən azı 16% herik (dincə qoyulmuş) sahələrinin  saxlanmasını və digər xüsusiyyətləri qeyd etmək olar.

Fermerlər toxumların keyfiyyəti, bitki sortlarına nəzarət və kənd təsərrüfatı ilə bağlı onları maraqlandıran digər məsələlərlə əlaqədar respublikanın hər yerində 1652 sabit nömrəyə pulsuz zəng edib, Nazirliyin çağrı mərkəzindən məlumat ala bilərlər.