SAMUX RAYONUNDA KARTOF GÜVƏSİ İLƏ YOLUXMUŞ KARTOF MƏHSULU AŞKAR OLUNUB

Böyütmək | Kiçiltmək |

Kənd Təssərüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Samux rayonunda meyvə-tərəvəz məhsullarının satış məntəqəsində karantin tətbiq edilən zərərli orqanizm hesab edilən kartof  güvəsi (Phthorimaea operculella Zell.) ilə yoluxmuş 780 kq kartof məhsulu aşkar  edilib. Kartof güvəsinin təhlükəliliyi nəzərə alınaraq məhsul karantin tətbirləri sisteminə riayət etməklə məhv edilib.

Kartof güvəsi kartofun, badımcanin, pomidorun, bibərin, tütünün və quşüzümü fəsiləsinə aid yabanı bitkilərin karantin zərərvericisidir. Anbar və digər saxlama yerlərində diapauzaya düşmədən il boyu çoxala bilir. Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır.

Güvə ən çox kartofa ziyan vurur. Zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və əmtəəlik keyfiyyətini itirir. Tırtıllar tərəfindən zədələnmiş tütün yarpaqları siqaret  hazırlanması üçün yaramır. Kütləvi çoxaldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof yumrularını 2-3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici 25-80% məhsul itkisinə səbəb olur.

Güvənin səciyyəvi zədələrinə diqqət yetirməklə onu aşkar etmək olur:

  • zədələnmiş kartof gözlərinin üzərində ifrazat (ekskrement)olur;
  • gövdə və yarpaqlarda lağımlar atan tıttıllar şəffaf epidermisdən görünürlər;
  • damarlar boyunca formalaşdırdıqları lağımları ekskrementləri ilə doldururlar;
  • kartof yumrularının daxilində, pomidor və badımcanın lətində, qabıq altında dar yollar açır və bu yollarda tırtılın ekskrementi olur. Kartof yumrularına gözcük və ya yaralardan daxil olub, əvvəlcə qabıq altında, sonra isə daxilə doğru yollar açırlar. Məftil qurdlarından fərqlı olaraq, yumrudakı tırtıl yolları ekskrement və torla doldurulmuş olur;
  • zədədən yuxarı gövdə və təpə hissələri soluxur və ya quruyur;
  • yarpaq və gövdələr torla hörülmüş olur;
  • yollar açılmış zədəli yumrularda yaş və quru çürümələr əmələ gəlir.

  

                          Kartof güvəsinə qarşı mübarizə tədbirləri.

 

Təhlükəli daxili karantin obyekti olan kartof güvəsi əleyhinə qarşıalıcı və qırıcı mübarizə tədbirlərini sistem şəklində tətbiq etmək məqsədəuyğundur:

  • bütün karantin məhdudiyyətlərinə ciddi əməl olunmalıdır, ölkə daxilində kartof güvəsinin yayılmasının qarşısını almaq üçün kompleks karantin tədbirləri həyata keçirilməlidir;
  • kartof və digər quşüzümü fəsiləsinə aid bitki əkinləri, eləcə də saxlanma zamanı meyvə və yumrular müntəzəm yoxlanmalıdır;
  • erkən əkin aparılmalı, əkin üçün ancaq sağlam yumrulardan istifadə edilməli, yumruları torpağın tipindən və kartofun sortundan asılı olaraq maksimum dərinliyə (14-17 sm) əkilməlidir;
  • qismən zədəli toxumdan istifadə etmək zəruriyyəti yarandıqda, əkinqabağı yumruları bir neçə saat ərzində 40o C-də saxlamalı, sonra zəif cücərmələrinə (2-3 sm-dən az) nail olmalı və metador preparatı ilə (100 ml preparat 1 litr suya qatılıb 120 kq toxuma çilənir) dərmanlanmalıdir;
  • növbəli əkin tətbiq etməli, kartof əkilmiş sahələrdə 3-6 ildən sonra təkrar əkin aparılmalıdır, kartof sahəsi əvvəlki əkinlərdən ən azı 1-1,5 km aralı olmalıdır;
  • kartof əkiləcək yoluxmuş torpaqlar ildə iki dəfə - yazda və payızda dərin (25-30 sm) şumlanmalıdır;
  • əkilən sahədə və kənarlarda bitən quşüzümü fəsiləsinə aid alaq otları (dəli bəng və s.) və özü bitmiş kartof kolları sistematik olaraq məhv edilməlidir;
  • bütün yumruların 5 sm-dən çox torpaqla örtülü olması üçün, kartof kollarının dibləri vaxtında doldurulmalıdır (suvarma, torpağın çatlaması və yumruların böyüməsi ilə üzə çıxırlar);
  • vegetasiya ərzində kartof əkinlərində siperkor (0,1-0,6 l/ha), korumaqor (2,2-2,5 l/ha), siruks (0,1-1,6 l/ha), arrivo (0,13-0,16 l/ha), danadim (1,4-1,9 l/ha), desis (0,2 l/ha) kinplan (0,025-0,04 l/ha) və s. insektisidlər ilə çiləmələr aparmalı, dərmanlamalar yığıma 20 gün qalanadək dayandırılmalıdır ( bu dövrdə bioloji preparatlardan istifadə etmək olar). İlk kəpənək aşkar olunan kimi sahə dərmanlanmalı, 10-15 gündən bir çiləmə aparılmalıdır. İlk dərmanlamalar kolorado böcəyi ilə birgə aparıla bilər. Yayın ortalarında əkinlərdə güvə populyasiyası miqdarca maksimum həddə çatdığından, növbəti çiləmələrə də ehtiyac yaranir;
  • pomidor, badımcan və bibər əkinlərində mikrobioloji preparatlarla (lepidosit, delfin, bitoksibasillin, dendrobasillin, entobakterin) profilaktik dərmanlamalar aparılmalıdır;
  • tağların qurumasını gözləmədən, saralmanın əvvəlində kartof məhsulu yığilmalıdır, yığıma bir həftə qalmış yerüstü kütlə biçilərək, məhv edilməlidir (yandırılmalı və ya torpağa basdırılmalıdır);
  • çıxarılmış yumrular qısa müddətdə (bir neçə saat qurudulur) diqqətlə toplanıb, gün batana qədər sahədən çıxarılmalı, sahədə qalan kartofun üstü brezentlə örtülməlidir. Kartof açıq dam və çardaq altında saxlanılmamalıdır. Kəsik, zədəli və çürümüş yumruların da kənarlaşdırılması vacibdir. Güvə ilə yoluxmuş sahədən yığılmış məhsul digərlərindən təcrid edilməlidir;
  • yığımdan sonra mədəni quşüzümükimilər əkilmiş sahələr yoluxa bilən bitki qalıqlarından təmizlənməli, torpaq diskli mala ilə işləndikdən sonra ön kotancıqlı kotanla dərin şumlanmalıdır;
  • kartof və digər quşüzümükimilərin saxlanacağı anbarlar diqqətlə təmizlənməli, kəpənəyin daxil olma yolları qapanmalı və dezinfeksiya olunmalıdır;
  • kartof anbarlarında temperatur 10oC-dən aşağı səviyyədə (3-5oC optimal istilikdir) saxlanılmalıdır. Anbarda istiliyi nizamlamaq mümkün olmadıqda isə, kartof lepidosit və ya delfin biopreparatlarının 1%-li məhlulunda (5 tona 100 lirt işçi məhlul) 4-5 dəqiqə saxlanılıb, kölgədə qurudulduqdan sonra anbara yığılmalıdır.