KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ FAO İLƏ BİRGƏ AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI SAHƏSİNİN MODELLƏŞDİRILMƏSİ LAYİHƏSİNƏ BAŞLAYIB

Böyütmək | Kiçiltmək

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ FAO İLƏ BİRGƏ AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI SAHƏSİNİN MODELLƏŞDİRILMƏSİ LAYİHƏSİNƏ BAŞLAYIBOktyabr ayının 14-də Kənd təsərrüfatı naziri Heydər Əsədov Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak və kənd təsərrüfatı iqtisadiyyatı və statistikası üzrə beynəlxalq ekspert Prof. Dr. Haluk Kasnakoglu ilə görüşüb.

Görüşün məqsədi aqrar siyasətin formalaşdırılması prosesinin qabaqcıl təcrübələr əsasında daha da təkmilləşdirilməsi baxımından statistika, təhlil, proqnozlaşdırma və monitorinq sistemlərinin inkişaf etdirilməsi məsələləri ilə bağlı FAO-nun göstərdiyi texniki yardım layihəsinin müzakirəsi olub.

  Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov layihənin kənd təsərrüfatı üçün önəmli bir layihə olduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə aqrar islahatların yeni mərhələsinə başlanılıb, dövlət başçısı bu sahədə kompleks islahatların aparılmasını mühüm vəzifə kimi qarşıya qoyub. Bu çərçivədə ölkədə kənd təsərrüfatının inkişafına dövlət dəstəyi tədbirləri son illər daha da artırılıb. Eyni zamanda, müvafiq istiqamətlər üzrə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün Nazirliyin və tabelikdə olan qurumların institusional potensialının köklü şəkildə inkişaf etdirilməsi, xidmət infrastrukturunun müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün geniş əhatəli işlər görülüb. Nazir qeyd edib ki, görülən işlərin səmərəliliyinin artırılması üçün Nazirliyin strateji təhlil, proqnozlaşdırma və monitorinq sahəsində potensialının ölkədə həyata keçirilən islahatların yeni mərhələsinə uyğun olaraq daha da gücləndirilməsinə ehtiyac var.

FAO-nun Azərbaycan Ofisinin rəhbəri Mələk Çakmak qeyd olunan istiqamətdə Nazirliyə dəstək vermək üçün beynəlxalq ekspert cəlb olunduğunu bildirib. Kənd təsərrüfatı iqtisadiyyatı üzrə beynəlxalq ekspert tərəfindən qısa, orta və uzunümddətli dövr üzrə fəaliyyət planı hazırlanıb. Kənd Təsərrüfatı Nazirliyi ilə birgə müxtəlif layihələrin uğurla davam etdirildiyini vurğulayan Mələk Çakmak bu fəaliyyət planının həyata keçirilməsi üçün də FAO-nun öz dəstəyini davam etdirəcəyini bildirdi.

Beynəlxalq ekspert Prof. Dr. Haluk Kasnakoglu layihənin hər bir mərhələsi üzrə ətraflı məlumat verərək bildirdi ki, Azərbaycanda kənd təsərrüfatı sahəsi üzrə strateji təhlil, proqnozlaşdırma və monitorinq sisteminin peşəkar standartlar əsasında inkişaf etdirilməsi üçün Avropa Birliyi və OECD-nin təcrübəsi tətbiq olunacaq. Qısa və orta müddətli dövrdə mövcud məlumat bazaları təkmilləşdiriləcək, kənd təsərrüfatı sahəsinin modelləşdirilməsi sistemi qurulacaq və təlimlər keçiriləcək. Daha sonra bu sistemlərin davamlı olaraq tətbiqi və inkişafı ilə bağlı uzunmüddətli layihə həyata keçiriləcək.

Görüşdə layihənin bütün mərəhələləri üzrə icra planı ətraflı müzakirə olunub, layihənin icrası ilə bağlı nazir Heydər Əsədov aidiyyəti strukturlara öz tapşırıqlarını verib.