NAZİR MÜAVİNİ İLHAM QULİYEV ÇİN XALQ RESPUBLİKASININ JİANGXİ ƏYALƏTİNİN KƏND TƏSƏRRÜFATI DEPARTAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək |

NAZİR MÜAVİNİ İLHAM QULİYEV ÇİN XALQ RESPUBLİKASININ JİANGXİ ƏYALƏTİNİN KƏND TƏSƏRRÜFATI DEPARTAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜBOktyabrın 28-də Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çin Xalq Respublikasının Jiangxi əyalətinin kənd təsərrüfatı departamentinin məsul işçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüşün məqsədi kənd təsərrüfatı nazirliyinin Çin Xalq Respublikasının Jiangxi əyaləti ilə aqrar sahədə gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Nazir müavini İlham Quliyev qonaqları səmimi salamlayaraq Çin Xalq Respublikası ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni müstəvidə inkişaf etdiyinə əminliyini ifadə edib.

 İlham Quliyev son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin  hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib və Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini nəzərə çatdırıb.

Nazir müavini cari ildə Azərbaycanda baramaçılığı inkişaf etdirmək üçün Çin Xalq Respublikasından barama toxumu alındığını və yaxın günlərdə dost ölkədən 1 milyon 600 min tut ağacı tinginin ölkəmizə gətiriləcəyini qeyd edib.

Nazir müavini İlham Quliyev Çin Xalq Respublikasının aqrar sahədə geniş təcrübəsini nəzərə alaraq Jiangxi əyalətinin iş adamları üçün Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğunu bildirdi.

Nazir müavini Jiangxi əyalətinin iş adamlarını hər ilin may ayının sonunda Azərbaycanda ənənəvi  olaraq keçirilən kənd təsərrüfatı sərgisinə dəvət edib. Əyalətin baramaçılıq, çəltikçilik və çayçılıq sahəsində inkişaf etdiyini nəzərə alaraq bu sahələrdə əməkdaşlığa önəm verdiyini qonaqların diqqətinə çatdırıb.

Çin Xalq Respublikasının Jiangxi əyalətinin kənd təsərrüfatı departamentinin baş məsləhətçisi Çen Rivu əyalətin əsasən çətikçilik, çayçılıq, baramaçılıq, meyvəşilik və balıqçılıq sahəsində ixtisaslaşdığını bildirib, Jiangxi əyalətinin Azərbaycanla aqrar sahədə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb və bu əlaqələrin daha da dərinləşməsi üçün öz səylərini əsirgəməyəcəyini qeyd edib.

Sonra prioritet sahələr üzrə tərəflər arasında fikir mübadiləsi aparılıb.