NAZİR MÜAVİNİ SEYFƏDDİN TALIBOV AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ BAKIDAKI NÜMAYƏNDƏLİYİNİN RƏHBƏRİ XANIM İVANA DUARTE İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək |

NAZİR MÜAVİNİ SEYFƏDDİN TALIBOV AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ BAKIDAKI NÜMAYƏNDƏLİYİNİN RƏHBƏRİ XANIM İVANA DUARTE İLƏ GÖRÜŞÜBNoyabrın 17-si kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakıdakı Daimi nümayəndə- liyinin yeni təyin olunmuş rəhbəri İvana Duartenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşün məqsədi AYİB ilə aqrar sahədə perspektiv əməkdaşlıq imkanlarının müzakirəsi olub.  

Qonaqları səmimi salamlayan nazir müavini Seyfəddin Talıbov  ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, həmçinin  hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü və prioritet hesab olunan sahələr, o cümlədən pambıqçılıq və baramaçılıq sahələri barədə geniş məlumat verib. Qlobal dəyər zəncirinə inteqrasiyanı gücləndirməklə bazara çıxış imkanlarının yaxşılaşdırılması, dövlət və özəl sektor arasında sıx əlaqələrin yaradılması, ixracın coğrafiyasının genişləndirilməsi barədə danışan nazir müavini kredit maliyyə sahəsində risklərin qiymətləndirilməsi, aqroparkların yaradılması məqsədilə birgə əməkdaşlıq üçün perspektiv imkanların mövcudluğunu diqqətə çatdırıb.

Azərbaycanda kənd təsərrüfatı sahəsində məqsədyönlü işlər həyata keçirildiyini bildirən nazir müavini Seyfəddin Talıbov əsas hədəflərimiz hesab olunan ərzaq təhlükəsizliyi - əhalinin ərzaq məhsullarına olan təlabatının yerli istehsal hesabına ödənilməsi, ölkəmiz üçün ənənəvi olan qədim əkinçilik sahələrinin inkişaf etdirilməsi və ixracyönümlü məhsulların istehsalına xüsusi diqqət yetirildiyini vurğulayıb. Donor təşkilatlarla əlaqələrin genişləndirilməsinə önəm verildiyini vurğulayan nazir müavini, Beynəlxalq Maliyyə Təşkilatları, xususulə AYİB-in Azərbaycanda həyata keçirdiyi layihələri yüksək qiymətləndirib, bundan sonrada bu əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.  

Səmimi qəbula görə təşəkkürünü bildirən xanım İvana Duarte AYİB-in Azərbaycan hökumətinin həyata keçirdiyi islahatlar proqramını dəstəklədiyini diqqətə çatdırıb. Bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin bu ilin may ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşündə kənd təsərrüfatının prioritet sahələri, xüsusən pambıqçılığın inkişafı müzakirə olunub. Xanım İvana Duarte qeyd edib ki, bu məqsədlə artıq Azərbaycanda pambıq istehsalının perspektiv imkanlarının araşdırılması üçün xüsusi məsləhətçilər cəlb olunub və təkliflər hazırlanaraq təqdim olunacaqdır. Xanım İvana Duarte kənd təsərrüfatında orta və kiçik sahibkarlığın inkişafına maliyyə dəstəyinin verilməsi, eyni zamanda kənd təsərrüfatında biznes sahələrinin ixrac imkanlarının artırılmasının dəstəklənməsi, özəl sektora kreditlərin verilməsi, fermerlərə informasiya məsləhət xidmətlərinin göstərilməsi barədə məlumat verib və fəaliyyəti dövründə kənd təsərrüfatının əsas prioritet hesab olunan sahələri üzrə əməkdaşlığın davam etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.