STRATEJİ YOL XƏRİTƏLƏRİNİN KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ÜZRƏ İCRASI İLƏ BAĞLI TƏDBİRLƏR PLANI TƏSDİQ EDİLİB

Böyütmək | Kiçiltmək |

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə ölkədə dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılmasını təmin etmək məqsədilə konkret hədəflər, o cümlədən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə 9 strateji hədəf və 36 prioritet istiqamət müəyyən edilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi üzrə hədəfləri və prioritet istiqamətləri əhatə edən 177 tədbir nəzərdə tutulur. Tədbirlərin 169-u bilavasitə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra olunmalı və ya onun iştirakı ilə həyata keçirilməlidir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində nəzərdə tutulan tədbirlər üzrə əlaqələndirici funksiyalarını Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcəkdir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin Kənd Təsərrüfatı Nazirliyi üzrə icrasını təmin etmək məqsədi ilə imzaladığı müvafiq əmrlə “Tədbirlər planı”nı təsdiq etmişdir.

"Tədbirlər Planı"nda nəzərdə tutulan işlərin  müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi və bu sahədə ortaya çıxan problemlərin aradan qaldırılmasına köməklik göstərilməsi məqsədilə İşçi qrupu yaradılacaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı əsas götürülməklə Kənd Təsərrüfatı Nazirliyinin stukturuna daxil olan və tabeliyindəki qurumların strateji inkişaf planlarının layihələri, habelə strateji yol xəritələrinin icra vəziyyətinə dair monitorinqin aparılması üçün qiymətləndirmə meyarlarının (indikatorların) müəyyən edilməsi ilə bağlı təkliflər hazırlanacaqdır.