KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ FERMERLƏR ÜÇÜN TƏLİM KURSLARI TƏŞKİL EDİR

Böyütmək | Kiçiltmək

 

Kənd Təsərrüfatı Nazirliyi Quba rayonunda Timiryazev qəsəbəsində açdığı “Fermer evi”ndə meyvə bağlarının idarə olunması üzrə qısamüddətli təlim kursları təşkil edəcək. Təlimlər yanvarın 31-dən fevralın 8-dək həftədə 2 dəfə keçiriləcək. Kursların hazırlanması Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı üzrə Layihə və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidmətinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ - Gesellschaft für Internationale Zusammenarbeit) ilə əməkdaşlığının nəticəsidir. Təlimləri Consulting Group MMC və Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin mütəxəssisləri aparacaqlar.

Bütöv tədarük zəncirini əhatə edəcək kurslarda nümunəvi bağçılıq, intensiv bağçılığa keçid, becərmə və zərərvericilərə qarşı mübarizə, yığım və depolama, logistika və marketinq mövzuları öyrədiləcək.

Təlim iştirakçıları ekspertlərin təqdimatlarını dinləməklə yanaşı, müvafiq metodiki vəsaitlər əldə edəcək, Quba rayonunda yerləşən nümunəvi bağların fəaliyyətləri ilə tanış olacaqlar.

Regionda meyvə bağlarının salınması və idarəolunması ilə məşğul olmaq istəyən hər bir fermer müraciət edib təlimlərə qatıla bilər. Təlimlər ödənişsizdir. Fermerlər kurslara yazılmaq üçün əlaqə məlumatlarını Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az saytından və Nazirliyin rəsmi facebook səhifəsindən (https://www.facebook.com/agro.gov.az) götürə bilərlər.