QOBUSTAN RAYONUNDA FİTOSANİTAR VƏZİYYƏTİN TƏHLİLİ İLƏ BAĞLI BİRİNCİ REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

QOBUSTAN RAYONUNDA  FİTOSANİTAR VƏZİYYƏTİN TƏHLİLİ İLƏ BAĞLI BİRİNCİ REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİBMartın 10-da Qobustan rayonunda “Dağlıq Şirvan bölgəsinin mədəni əkinlərində fitosanitar vəziyyətin təhlili və siçanabənzər gəmiricilər əleyhinə mübarizə tədbirlərinin həyata keçirilməsinin elmi-praktik əsasları”na dair I regional müşavirə keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Xidmətin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantin məntəqələrinin əməkdaşları, bələdiyyələr, icra nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlər iştirak ediblər.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov müşavirəni açaraq, 2016-cı ildə kənd təsərrüfatının inkişafı sahəsində qazanılan nailiyyətlər barədə məlumat verib. Bildirilib ki, bugünkü müşavirə zərərli orqanizmlərə, xüsusilə də siçanabənzər gəmiricilərə qarşı aparılan mübarizəyə töhfə verəcək. Kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi və məhsuldarlığın yüksəldilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən mübarizə tədbirləri təqdirəlayiqdir.

Kənd Təsərrüfatı Nazırliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev “Karantin və xüsusi təhlükəli orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və fitosanitar vəziyyətin təhlili mövzusunda çıxış edib.

QOBUSTAN RAYONUNDA  FİTOSANİTAR VƏZİYYƏTİN TƏHLİLİ İLƏ BAĞLI BİRİNCİ REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİBCamal Quliyev qeyd edib ki, respublikada qeyri-neft sektorunun inkişafı prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Bu sektorun aparıcı sahələrindən olan aqrar sahənin inkişaf etdirilməsi qarşımızda mühüm vəzifə kimi qoyulub. Son illərdə Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən dövlət qayğısı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalının həcmində nəzərə çarpan artım müşahidə edilməkdədir. Bu da keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalına və ölkənin ixrac potensialının artırılmasına öz töhfəsini verir. Son illər Dövlət Xidmətinin çevik idarəetmə strukturunun formalaşdırılması, respublika ərazisində fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və digər istiqamətlərdə ciddi addımlar atılıb.

Bölgədə mövcud fitosanitar vəziyyəti ətraflı təhlil edən Dövlət Xidmətinin rəisi, karantin və xüsusi təhlükəli orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı fikirlərini və tövsiyələrini mütəxəssislərin və fermerlərin diqqətinə çatdırıb.

Tədbirdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov “Siçanabənzər gəmiricilər və onlar əleyhinə mübarizənin təşkili”, Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi vəzifəsini icra edən Daməd Sultanov isə “Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxış ediblər.

Sonra müşavirə iştirakçıları onları narahat edən problemlərlə bağlı Dövlət Xidməti mütəxəssislərinə suallar ünvanlayıblar. Mütəxəssislər problemlərin həlli istiqamətində məsləhətlər veriblər.

Tədbirin sonunda torpaq mülkiyyətçiləri və fermerlər kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.