İMİŞLİ RAYONUNDA “PAMBIQ ƏKİNLƏRİNDƏ AQROTEXNİKİ TƏDBİRLƏRİN VAXTINDA VƏ KEYFİYYƏTLİ APARILMASININ ÜSTÜNLÜKLƏRİ” MÖVZUSUNDA RESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLƏCƏK

Böyütmək | Kiçiltmək |

 

Dövlət başçısı tərəfindən pambıqçılığın inkişafı ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında qoyulan konkret vəzifələrin icrası məqsədlə Kənd Təsərrüfatı Nazirliyində “2017-ci ildə pambıq istehsalının təşkili ilə bağlı Tədbirlər Planı” hazırlanmış, istehsalçıların texnika, toxum, gübrə, bitki mühafizə vasitələri ilə təminatı üçün zəruri işlər görülmüşdür. Hazırda pambıqçılar tərəfindən torpaqbecərmə əməliyyatları əsasən başa çatdırılmış və səpinqabağı becərmə işləri davam etdirilir. 

24 aprel tarixinə olan operativ məlumata əsasən respublika üzrə pambıq əkilməsi planlaşdırılan 136 min hektar sahənin 115 min hektarında şum, 80 min hektardan artıq sahədə səpin aparılmışdır. 15 minə yaxın istehsalçı ilə pambıq əkilməsi barədə müqavilə bağlanılmışdır.

Pambıqçılığın inkişafının aktuallığını nəzərə alaraq, 25 aprel 2017-ci il tarixində İmişli rayonunda “Pambıq əkinlərində aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasının üstünlükləri” mövzusunda respublika müşavirəsinin keçirilməsi nəzərdə tutulur. Müşavirədə kənd təsərrüfatı nazirliyinin məsul işçiləri, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər ET İnstititunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, rayonların icra hakimiyyəti orqanlarının, iri pambıqçılıq şirkətlərinin nümayəndələrinin, eləcə də fermer və sahibkarların, ümumilikdə 250-dən artıq nümayəndənin iştirakı planlaşdırılır.

Müşavirədə intensiv texnologiyalar, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, məhsuldar yeni sortların üstünlükləri, pambıqçılıqda istifadə edilən müasir texnikalar barədə fermerlərə ətraflı məlumat verilərək, pambıqçılığın inkişaf perspektivləri haqqında müzakirələr aparılacaqdır.

Tədbirin sonunda pambıq səpini ilə birlikdə alaq otlarına qarşı herbisidlərdən düzgün istifadə qaydaları nümayiş etdiriləcək.