NAZİR HEYDƏR ƏSƏDOV ALMANİYA BUNDESTAQININ DEPUTATI, CƏNUBİ QAFQAZ DOSTLUQ QRUPUNUN RƏHBƏRİ XANIM KARİN ŞTRENZ İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək |

NAZİR HEYDƏR ƏSƏDOV ALMANİYA BUNDESTAQININ DEPUTATI, CƏNUBİ QAFQAZ DOSTLUQ QRUPUNUN RƏHBƏRİ XANIM KARİN ŞTRENZ İLƏ GÖRÜŞÜBNazir Heydər Əsədov Almaniya Bundestaqının deputatı – Cənubi Qafqaz Dostluq Qrupunun Rəhbəri xanım Karin Ştrenz ilə görüşüb. Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Nazir qonağı səmimi salamlayaraq ölkə rəhbərliyinin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıdan söhbət açıb, kənd təsərrüfatının ölkə iqtisadiyyatının prioritet sahəsi olduğunu qeyd edərək aqrar sahədə aparılan islahatlar  barədə geniş məlumat verib.

Xanım Karin Ştrenz səmimi qəbula görə təşəkkür edərək bir sıra Alman şirkətlərinin Qarabağ atlarına böyük maraq göstərdiklərini diqqətə çatdırıb.

Qonaq quşçuluq təsərrüfatlarında bioqaz qurğularının inşası, Almaniyada istehsal olunan gübrə və pestisitlərin yeni növləri barədə geniş məlumat verib və bu sahədə investorların cəlb olunmasını məqsədəuyğun hesab edib.  

Nazir Heydər Əsədov Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının hazırda öz keçmiş şöhrətinin qayıdış dövrünü yaşadığını vurğulayıb və diqqətə çatdırıb ki, həyata keçirilən tədbirlər nəticəsində Qarabağ atı cinsinin inkişafı yeni mərhələyə qədəm qoyacaq və yenidən beynəlxalq yarış və sərgilərdə uğurla təmsil olunaraq xalqımızın qüruruna çevriləcək.  

Nazir Heydər Əsədov həmçinin 17-19 may, 2017-ci il tarixlərində Baki Ekspo mərkəzində keçiriləcək 23-cü Azərbaycan Qida Sənayesi Sərgisi və 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfati Sərgisində Alman şirkətlərinin də təmsil olunduğunu və sərgi çərçivəsində bioqaz və pestisidlərin istehsalı ilə məşğul olan şirkətlərin də öz məhsulları barədə təqdimat keçirməsini məqsədəuyğun hesab edib.    

Nazir iki ölkə arasında hüquqi müstəvidə əməkdaşlığı daha da dərinləşdirmək üçün Fitosanitar və Baytarlıq sahəsində memorandumların imzalanmasının vacibliyini bildirib.

Xanım Karin Ştrenz iki ölkə arasında Kənd Təsərrüfatı sahəsində əməkdaşlığın daha da dərinləşməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.