BƏRDƏ RAYONUNDA “PAMBIQ SAHƏLƏRİNDƏ AQROTEXNİKİ TƏDBİRLƏRİN VAXTINDA VƏ KEYFİYYƏTLİ APARILMASININ ÜSTÜNLÜKLƏRİ” MÖVZUSUNDA BÖLGƏ MÜŞAVİRƏSİ KEÇİRİLƏCƏKDİR

Böyütmək | Kiçiltmək |

 

Dövlət başçısı tərəfindən pambıqçılığın inkişafı ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında qoyulan vəzifələrin icrası məqsədlə Kənd Təsərrüfatı Nazirliyində “2017-ci ildə pambıq istehsalının təşkili ilə bağlı Tədbirlər Planı” hazırlanmış, istehsalçıların texnika, toxum, gübrə, bitki mühafizə vasitələri ilə təminatı üçün zəruri işlər görülmüşdür. Hazırda səpin işləri əsasən başa çatdırılmış və sahələrin becərilmə işləri davam etdirilir. 

Pambıqçılığın inkişafının aktuallığını nəzərə alaraq, 11 may 2017-ci il tarixində Bərdə rayonunda “Pambıq sahələrində aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasının üstünlükləri” mövzusunda bölgə müşavirəsinin keçirilməsi nəzərdə tutulur. Müşavirədə kənd təsərrüfatı nazirliyinin və tabeli qurumlarının məsul işçilərinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstititunun, Azərbaycan Dövlət Aqrar Universitetinin alim və mütəxəssislərinin, Bərdə, Tərtər, Goranboy, Samux, Yevlax, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Ağdaş və Zərdab rayonlarının icra hakimiyyəti orqanlarının, habelə pambıqçılıq şirkətlərinin nümayəndələrinin, eləcə də fermer və sahibkarların, ümumilikdə 250-dən artıq  nümayəndənin iştirakı planlaşdırılır.

Müşavirədə intensiv texnologiyalar, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, məhsuldar yeni sortların üstünlükləri, pambıqçılıqda istifadə edilən müasir texnikalar barədə fermerlərə ətraflı məlumat veriləcək və pambıqçılığın inkişaf perspektivləri barədə müzakirələr aparılacaqdır.  

Tədbirin sonunda pambıq əkinlərində aqrotexniki qaydalara uyğun olaraq herbisidlərin tətbiqi və düzgün kultivasiya aparılması qaydaları nümayiş etdiriləcəkdir.