NAZİR MÜAVİNİ İLHAM QULİYEV GÜRCÜSTAN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

NAZİR MÜAVİNİ İLHAM QULİYEV GÜRCÜSTAN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜBMay ayının 18-i nazir müavini İlham Quliyev Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgilərində iştirak edən Gürcüstan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Georgi Çxeidze ilə görüşüb.

Nazir müavini  qonaqları  səmimi salamlayaraq Azərbaycanla Gürcüstan arasında siyasi, həmçinin kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu, tarixən dost və qonşu olan iki ölkə arasında bu münasibətlərin bu gün də uğurla davam etdiyini bildirib.

Nazir müavini Georgi Çxeidze sərgini yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, burada iş adamlarının ünsiyyət qurması üçün əlverişli şəraitin yaradıldığını vurğulayıb. O, Azərbaycanda iqtisadi inkişaf, o cümlədən kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurlara valeh olduğunu söyləyib.    

Georgi Çxeidze keçən il Azərbaycanın taxıl yığımında kombaynlarla Gürcüstana göstərdiyi dəstəyə görə Gürcüstan hökuməti adından Azərbaycan hökumətinə və kənd təsərrüfatı nazirliyinə minnətdarlıq edib. Bu ildə taxıl biçinində Azərbaycan kənd təsərrüfatı nazirliyi tərəfindən taxılyığan kombaynların Gürcüstan ərazisində dislokasiya olunmasına dəstək veriləcəyinə ümidvar olduğunu bildirib.

Nazir müavini İlham Quliyev Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin müraciətinə qanunvericiliyə uyğun olaraq baxılacağına və  müvafiq köməklik göstəriləcəyini söyləyib.

Daha sonra nümayəndə heyəti ”Aqrolizinq” ASC-də olub və Səhmdar cəmiyyətin rəhbərliyi ilə müzakirələr aparılıb.