NAZİR MÜAVİNİ İLHAM QULİYEV  FRANSANIN REGİONAL KƏND TƏSƏRRÜFATI MÜŞAVİRİ İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

NAZİR MÜAVİNİ İLHAM QULİYEV  FRANSANIN REGİONAL KƏND TƏSƏRRÜFATI MÜŞAVİRİ İLƏ GÖRÜŞÜBMay ayının 19-u nazir müavini İlham Quliyev Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgilərində Fransa nümayəndə heyətinin tərkibində iştirak edən Fransanın regional kənd təsərrüfatı müşaviri Nikola Perrən ilə görüşüb.

Görüşün məqsədi Fransa ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmaqdan ibarət olub.
Nazir müavini  qonağı  səmimi salamlayaraq Azərbaycanla Fransa arasında siyasi, həmçinin kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayib.
Nazir müavini kənd təsərrüfatı nazirliyinin Fransanın heyvandarlıq sahəsində təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qonağın diqqətinə çatdırıb. İlham Quliyev bildirib ki, Avropadan Azərbaycana Aqrolizinq ASC-nin xətti ilə yüksək məhsuldar heyvan cinsləri gətirilir. Bu məqsədlə Fransız şirkətləri də Azərbaycanda keçirilən tenderlərdə iştirak edə bilərlər. Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzində törədici heyvanların toxumlarının cins mənsubiyyətini müəyyən edən laboratoriyanın qurulması nəzərdə tutulur. Laboratoriyanın müasir avadanlıqlarla təchiz olunmasında Fransız şirkətlərinin də iştirakını məqsədəuyğun hesab edib.  
Nazir müavini toxumçuluq sahəsində də Fransa ilə əməkdaşlığı vacib hesab edib və nazirliyin kənd təsərrüfatı sahəsində Fransa ilə hərtərəfli əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.
  Fransanın regional kənd təsərrüfatı müşaviri Nikola Perrən səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycanda keçirilən sərgini yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Qonaq səfər çərçivəsində Nazirliyin Heyvandarlıq şöbəsinin müdiri, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətlərinin rəhbərliyi, “Aqrolizinq” ASC-nin sədri ilə görüşdüyünü, bu sahələr üzrə dolğun məlumat aldığını və görüşlərdən məmnun olduğunu söyləyib. O, Azərbaycanda iqtisadi inkişaf, o cümlədən kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurları yüksək qiymətləndirərək  Fransa şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib və iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da genişlənməsi üçün öz səylərini əsirgəməcəyini bildirib.