TƏRTƏR RAYONUNDA TAXILÇILIĞA HƏSR EDİLMİŞ ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

TƏRTƏR RAYONUNDA TAXILÇILIĞA HƏSR EDİLMİŞ ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLİBİyun ayının 9-da Tərtər rayonunda  Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Tərtər Bölgə Təcrübə Stansiyasının təşkilatçılığı ilə “Taxılçılıqda yeni sortlar və mütərəqqi becərmə texnologiyaları. Resursqoruyucu becərmə texnologiyalarının üstünlüklərinin suvarma şəraitində nümayişi” mövzusunda elmi-praktiki seminar keçirilib. Seminarda Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları, Tərtər və eləcə də ətraf rayonlardan gəlmiş 50-ə qədər taxılçılıq fəaliyyəti ilə məşğul olan fermerlər iştirak ediblər.  

Seminarda çıxış edən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”-ndə taxılçılığın inkişaf etdirilməsi ilə əlaqədar aqrar elmin qarşısına qoyulmuş vəzifələr barədə ətraflı məlumat verib.

Çıxışlarda Tərtər rayonunun əkin strukturunda taxılçılığın xüsusi yer tutduğu, son illər pambıqçılıq sahəsinin böyük vüsət aldığı və əldə olunmuş nailiyyətlər barədə danışılıb. Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə elmi əməkdaşlıq edən Milli Aviasiya Akademiyasının mütəxəssisləri də çıxış edərək birgə aparılan elmi-tədqiqat işlərinin yekunları haqqında ətraflı məlumat veriblər.

Daha sonra “Yeni taxıl sortlarının suvarma şəraitində potensial məhsuldarlığı və ona təsir  edən amillər”, “Milli və Beynəlxalq Seleksiya proqramları çərçivəsində Tərtər Bölgə Təcrübə Stansiyasında aparılan tədqiqatlar”, “Taxılçılıqda yeni resursmühafizəedici mütərəqqi texnologiyaların üstünlükləri”, “Torpaqların ümumi aqrokimyəvi göstəricilərinə əsaslanaraq dənli bitkilər üçün gübrə normalarının müəyyənləşdirilməsi” mövzularında məruzələr dinlənilib.

Məruzələrdən sonra seminar iştirakçılarının sualları müvafiq qaydada cavablandırılıb. Seminarın gedişində fermerlərə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yeni rayonlaşmış və perspektivli taxıl sortlarının, mütərəqqi resursqoruyucu becərilmə texnolgiyalarının iqtisadi səmərəlilik baxımından üstünlükləri nümayiş etdirilib, eləcə də taxıl əkinlərinin vaxtında biçilməsi, tədarük olunması barədə mütəxəssislər tərəfindən əhəmiyyətli praktiki bilgilər verilib.