AZƏRBAYCAN FERMERLƏRİNƏ KARTOF, QARĞIDALI ƏKİNLƏRİNDƏ, MEYVƏ BAĞLARINDA ZƏRƏRVERİCİLƏRLƏ MÜBARİZƏ ÜSULLARI ÖYRƏDİLƏCƏK

Böyütmək | Kiçiltmək

 

Kənd Təsərrüfatı Nazirliyi ölkənin müxtəlif regionlarında fermerlər üçün zərərverici orqanizmlərə qarşı mübarizə ilə bağlı təlimlər keçirəcək.

Təlimlər Nazirliyin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil olunur. Ölkənin bitki mühafizəsi istiqamətində çalışan mütəxəssis və alimlərinin aparacağı təlimlər əvvəlcədən müəyyən edilmiş 3 bitki üzrə keçiriləcək.

Belə ki, kartof bitkisi üzrə Tovuz rayonunda, qarğıdalı bitkisi üzrə Samux rayonunda və meyvə bağları üzrə Quba rayonunda zərərverici orqanizmlərə qarşı mübarizə üzrə təlimlər aparılacaq. Ekstensiv təlimlər sahə nümayişləri ilə də müşayiət olunacaq.

Təlimlərin təşkilində məqsəd Azərbaycan fermerlərini hazırda qabaqcıl kənd təsərrüfatı ölkələrində tətbiq edilən müasir, yüksək səmərəli, ekoloji cəhətdən təhlükəsiz pestisidlər haqqında məlumatlarını artırmaq, müasir metodlardan istifadə edərək mübarizə işinin təşkil etmələrinə və onlarda bitki mühafizəsi sahəsində peşəkarlıqlarının formalaşmasına yardım etməkdir.

Qida təhlükəsizliyi üçün vacib addım kimi zərərvericilərə qarşı doğru mübarizə fermerlərin pestisidlərdən səmərəli istifadəsinə nail olmağa, hektara düşən "pestisid yükünü" azaltmağa, ətraf mühitin çirklənməsinin qarşısını almağa xidmət edəcək və becərilən məhsulun sağlamlığını qorumaqla bazarda rəqabət qabiliyyətini artıracaq.