“COUNTRYSTAT-AZƏRBAYCAN” PLATFORMASI İSTİFADƏYƏ VERİLİB

Böyütmək | Kiçiltmək

 

“COUNTRYSTAT-AZƏRBAYCAN” PLATFORMASI İSTİFADƏYƏ VERİLİB"CountrySTAT-Azərbaycan" platforması müasir “FENIX” texnologiyasından istifadə edərək kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə dair məlumatların bölüşməsi üçün innovativ alətdir. Bu sistem “bir pəncərə” prinsipinə əsaslanan mərkəz kimi çıxış edərək, etibarlı rəsmi məlumatların vaxtında toplanmasına imkan verir.

Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak deyib.

Kənd Təsərrüfatı Nazirliyi və FAO-nun təşkilatçılığı ilə “Kənd təsərrüfatı ilə bağlı siyasət sənədlərinin və proqramların hazırlanması, monitorinqi və qiymətləndirilməsi potensialının inkişaf etdirilməsi mövzusu” çərçivəsində keçirilən “CountrySTAT-Azərbaycan” platformasının rəsmi açılışı mərasimində çıxış edən Mələk Çakmak platformanın əhəmiyyətindən danışıb. Bildirib ki, əsas məqsəd dövlət orqanlarını, regional və beynəlxalq təşkilatları və milli qurumları bu barədə maarifləndirmək, onların Azərbaycanda sözügedən platformanın dəstəkləməsini və onun dayanıqlığının təmin olunmasında fəal iştiraklarını təmin etməkdir.

Diqqətə çatdırılıb ki, ərzaq və kənd təsərrüfatı üzrə informasiya portalı olan “CountrySTAT” qərar verən şəxslərə və qurumlara yüksək keyfiyyətli statistik məlumatlara çıxışı təmin edir. Milli səviyyədə saxlanılan və idarə olunan bu sistem “bir pəncərə” prinsipinə əsaslanan mərkəz kimi çıxış edərək, müxtəlif mənbələrdən etibarlı rəsmi məlumatların vaxtında toplanmasına və uyğunlaşdırılmasına, həmçinin onların vahid məkana inteqrasiyasına şərait yaradır. “CountrySTAT” platforması tədqiqatçılara, mütəxəssislərə, inkişaf təşkilatlarına və özəl sektora kənd təsərrüfatı sahəsində daha yaxşı proqramlar işləyib hazırlamağa və icra etməyə, həmçinin investisiyalar qoymağa imkan verir.

“COUNTRYSTAT-AZƏRBAYCAN” PLATFORMASI İSTİFADƏYƏ VERİLİBKənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov bildirib ki, FAO, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) və Ümumdünya Ərzaq Proqramı (ÜƏP) tərəfindən dərc olunan “Dünyada ərzaq çatışmazlığı təhlükəsinin vəziyyəti” üzrə sonuncu hesabatda (SOFİ 2014) təsdiq olunur ki, dünyada aclıqdan əziyyət çəkən insanların sayı son onillikdə 100 milyon nəfərdən çox olub, 1990-1992-ci illərdən bəri isə 209 milyon nəfərdən çox azalıb.

Diqqətə çatdırılıb ki, “CountrySTAT”, həmçinin kənd təsərrüfatına dair statistik informasiya sisteminin dayanıqlı inkişafının gücləndirilməsi məqsədi daşıyır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə beynəlxalq standartlara uyğun davamlı tədbirlər görüldüyünü söyləyən İ.Bayramov artıq FAO-nun dəstəyi ilə yeddinci layihənin reallaşdırıldığını deyib. Onun sözlərinə görə, FAO ilə əməkdaşlıq bir çox sahələri, o cümlədən heyvandarlığın, bitkiçiliyin inkişaf etdirilməsini, “elektron kənd təsərrüfatı informasiya” sisteminin yaradılmasını əhatə edir. Bu sahələr üzrə birgə layihələr də həyata keçirilib.

Aparat rəhbəri 2014-cü ildə nazirlikdə “elektron kənd təsərrüfatı informasiya sistemi”nin həyata keçirilməsinə başlanıldığını, həmin dövrdən bəri fermerlərin dəstəklənməsi, subsidiyalara nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi ilə yanaşı, onların maarifləndirilməsi və məlumatlandırılmasında informasiya texnologiyalarının tətbiqinin xüsusi önəm daşıdığını vurğulayıb.

“2014-cü ildən başlayaraq “elektron kənd təsərrüfatı informasiya sistemi” layihəsi çərçivəsində 6 komponent üzrə tədbirlər həyata keçirilib. Belə ki, bu sahədə nazirliyin Bakıda yerləşən qurum və xidmətləri, respublikanın bölgələrində yaradılmış kənd təsərrüfatı idarələri də daxil olmaqla, maddi-texniki bazası tamamilə yenilənib, müasir binalar inşa olunub, beynəlxalq standartlara uyğun infrastruktur yaradılıb”, - deyə İ.Bayramov qeyd edib.

Aparat rəhbəri, həmçinin əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müxtəlif məqsədlərə xidmət edən 21 informasiya sistemi yaradılıb. Hazırda bu sistemlər təhvil verilir. Eyni zamanda, layihə çərçivəsində fermerlərin qeydiyyat sistemi yaradılıb. Bu, ölkədə olan bütün fermerləri, kənd təsərrüfatı məhsullarının istehsalçılarını əhatə edəcək. Artıq sistemdə 130 min fermerin qeydiyyatı aparılıb. Onların bütün fəaliyyətləri - torpaq sahələri, kənd təsərrüfatı texnikaları, heyvanları, eləcə də, baytar həkim və aqronomlar barədə məlumatlar bir bazada toplanıb. “Elektron kənd təsərrüfatı informasiya sistemi” layihəsi Avropa İttifaqında təklif olunan prinsip və standartlara əsaslanır.