• Ana səhifə
  • Xəbərlər
  • Dövlət Toxum Fondu tərəfindən fermerlərə yüksək keyfiyyətli xaşa toxumu təklif olunur
Dövlət Toxum Fondu tərəfindən fermerlərə yüksək keyfiyyətli xaşa toxumu təklif olunur

Xaşa paxlalılar fəsiləsinə mənsub olub, əkinçilik sistemində geniş yayılmış və qədimdən becərilən çoxillik paxlalı yem bitkisidir. Azərbaycan ərazisində xaşanın 22 növünə təsadüf edilir.

Xaşa becərildiyi sahələrdə erroziya və şoranlaşma prosesinin qarşısını alır, bəzi aqrobioloji proseslərin gedişini nizama salır. Təsərrüfatlarda ot tarlalı növbəli əkin sisteminin, əkmə otlaqların yaradılmasında həlledici rol oynayır.

Xaşa əvəzsiz bal bitkisidir. Çiçəklərində çoxlu nektar (şirə-bal daşıyıcı maddə) olduğuna görə arı ailələri üçün əsl baldaşıyıcı bitki hesab olunur. Respublikamızın qabaqcıl arıçılıq təsərrüfatlarının zəngin təcrübəsi göstərir ki, bir hektar xaşa sahəsində saxlanılan arı ailələri il ərzində 130-150 kiloqram bal verir, həm də arıların xaşa çiçəyindən çəkdikləri bal yüksək keyfiyyətli və tamlı olur.

Xaşanın 100 kiloqram yaşıl kütləsində 22 yem vahidi, 3,1 kiloqram həzm olunan protein, 6,5 qram karotin var ki, yeyildikdən sonra heyvan orqanizmində köp (timpanit) əmələ gəlmir.

Xaşanın cücərtiləri zəif böyüyür və alaqlar onu ilk dövrlərdə üstələdiyi üçün ayrılan torpaq sahələri mümkün qədər az alaqlanan olmalıdır. Növbəli əkində xaşanın sələfinin payızlıq və yazlıq dənli taxıl, tərəvəz, bostan, texniki, yem və s. bitkiləri olması məqsədəuyğun hesab edilir. Torpağın əsas və səpinqabağı becərmə əməliyyatları sələflərdən asılı olaraq müəyyənləşdirilir. Aran zonasında, ağır mexaniki tərkibli torpaqlarda sahəni arata qoymaq çox əlverişlidir. Yüngül mexaniki tərkibli torpaqlarda isə səpsuvar aparmaq məsləhət görülür.

Dağ və dağətəyi bölgələrdə xaşa dəmyə şəraitində becərilir. Dağlıq və dağ ərazilərdə xaşa əkiləcək sahələrdə sələf bitkiləri yığıldıqdan sonra bitki qalıqları sahədən kənarlaşdırılmalı və lazım gələrsə, 5-8 sm dərinlikdə üzləmə aparılmalı, sonra isə ərazinin relyefinin maillik dərəcəsi 15%-də çox olmaması nəzərə alınmaqla 22-25 sm dərinliyində əsas şum əməliyyatı aparılmalıdır.

Meşəçöl dağətəyi bölgələrdə səpin norması olaraq hektara 80-100 kq (4-5 mln. ədəd cücərmə qabiliyyətli toxum) yüksək reproduksiyalı xaşa toxumu səpmək lazımdır. Xaşa toxumunun basdırılma dərinliyi 3-4 santimetr təşkil etməlidir.

Xaşa şaxtaya, quraqlığa, xəstəlik və ziyanvericilərə qarşı davamlı, rütubətə dözümlü, suya tələbkardır. Ona görə də aran, dağətəyi və dağlıq zonalarda, hətta bəzən qışı sərt keçən rayonlarda da müvəffəqiyyətlə becərilir.

Xaşa ot üçün qönçələnmə fazasında və çiçəkləmənin başlanğıcında biçilir. Biçin torpaq səthindən 5-7 sm hündürlükdə aparılır. Növbəti biçin 8-10 sm hündürlüyündə həyata keçirilir. Səpini vaxtında həyata keçirərək düzgün aqrotexniki qulluqlar aparıldıqda xaşanın ot əkinlərini ildə orta hesabla orta və yüksək rütubətlə təmin olunmuş dəmyə bölgələrdə 2-3 dəfə, suvarılan aran rayonlarda 4 dəfə çalmaq mümkündür. Bu əkinlərdən orta hesabla 70-110 sentner/hektar quru ot məhsulu almaq olar.