Qubada ənənəvi “Alma bayramı” başlayıb

Oktyabrın 12-də səhər saatlarında Qubada ənənəvi “Alma bayramı”na start verilib.

2012-ci ildən etibarən keçirilən “Alma bayramı” şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunub.

Bayram tədbirinə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici ölkələrin nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılıb.

Heydər Əliyev prospekti boyunca şimal bölgəsində yaşayan azsaylı xalqların təmsilçilərinin, folklor qruplarının, idmançıların, bölgədəki müxtəlif təsərrüfatlarda yetişdirilən almalarla bəzədilən avtomobillərin iştirakı ilə yürüş keçirilib.

“Alma bayramı” milli adət-ənənələrimizin, ölkəmizin turizm imkanlarının tanıdılması, almanın və ondan hazırlanan məhsulların təbliği məqsədi daşıyır.

Bayram mərasimində müxtəlif kompozisiyalar, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilir, qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunur.

Tədbir çərçivəsində bağbanlar arasında ən böyük alma nominasiyası üzrə qalib də müəyyənləşəcək.