Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun yanında yaradılmış dövlət agentliklərinin və dövlət xidmətlərinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin. 2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi haqqında Əsasnamə təsdiq edilsin. 3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti haqqında Əsasnamə təsdiq edilsin. 4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiq edilsin. 5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilsin. 6. «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il ¹ 9, maddə 555) ilə təsdiq edilmiş Əlavə ¹2-«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»nın 10-cu və 11-ci bəndlərində «Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi» sözləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sözləri ilə əvəz edilsin. 7. Azərbaycan Respublikası Prezidentinin aşağıda göstərilən Fərmanları qüvvədən düşmüş hesab edilsin. 7.1. «Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı; 7.2. «Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı; 7.3. «Kənd təsərrüfatında nümunəvi özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyasının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 19 sentyabr tarixli 495 nömrəli Fərmanı; 7.4. «Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiysı haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 7 fevral tarixli 275 nömrəli Fərmanı. 8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 8.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin və onun yanında yaradılmış dövlət agentliklərinin və dövlət xidmətlərinin say həddini bir ay müddətində müəyyən etsin; 8.2. Normativ hüşquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 8.3. Bu Fərmanla ləğv edilən Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyasının müvafiq sənədlərinin, Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin sənədlərinin və əmlakının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilməsini təmin etsin; 8.4. Bu Fərmandan irəli gələn digər məsələləri həll etisin. 9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Fərmandan irəli gələn məslələri öz səlahiyyətləri daxilində həll etsin. 10. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV.