ZAQATALA DAYAQ MƏNTƏQƏSİNDƏ İNTENSİV ƏKİN TEXNOLOGİYALARI TƏTBİQ EDİLİR

Böyütmək | Kiçiltmək |

 

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”

 

Aqrar Elm və İnnovasiya Mərkəzi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala Dayaq Məntəqəsi 1926-cı ildən 62 hektarlıq təcrübə sahəsində tingçilik, rayonlaşdırma və digər elmi işləri həyata keçirir. Bu məntəqədə bölgəyə xas təsərrüfat ənənələrinə uyğun olaraq qoz, əncir, gilas və fındıq ağaclarının rayonlaşdırılması öyrənilir. Dayaq məntəqəsində 100-ə yaxın fındıq sortunun genefondu yaradılıb, yerli sortlardan “Qalib”, “Fıravan”, “Arzu”,”Ata-baba”, “Gəncə yağlı”, “Oğuz”, “Qəbələ” sortlarının genbankı inkişaf etdirilir. Son illər ölkəmizin fındıq ixracında mühüm nəticələr əldə etməsini nəzərə alınaraq bu potensialı daha da inkişaf etdirmək üçün qonşu Gürcustandan “Xaçapura”, “Abxaz-Orta”, “Axxaz xırda”, Şimali Qafqaz Sortları “Kudryavçik”, “Çerkezsiy 1”, “Çerkezsiy 2”  sortları gətirilərək əkilib, gələcəkdə bu sortların tingçiliyi yaradılaraq fermerlər arasında paylanılacaq. Eyni zamanda, dayaq məntəqəsi institutun yaratdığı “Arzu”, “Aslan baba”, “Qalib”, “Qax faraş”, “Saçaqlı”, “Topqara”, “Şiş fındıq” sortlarının bölgədə yayılmasını da təmin edir.

Zaqatala Dayaq Məntəqəsinin rəhbəri Rəşad İbrahimovun sözlərinə görə, müəssisə elmi axtarışlarını son illər meyvələrə, xüsusən fındıq məhsullarına artan təlabat fonunda qurmağa çalışır: “Hazırda İran və ABŞ-dan introduksiya olunan 30 məhsuldar sortun rayonlaşma səviyyəsi öyrənilir. Yaxın gələcəkdə İtaliyadan “Cifhoni” sortlu 30 ədəd  fındıq tingi gətiriləcək, bu tinglərin sayı artrılacaq və bölgədə yayılması təmin ediləcək. Türkiyədən gətirilən 100 ədəd çay tinginin isə bu il əkilərək bölgənin iqliminə uyğunlaşma imkanları öyrəniləcək. 1 hektar 40 sot ərazidə müasir texnologiyaya əsaslanan qoz və fındıq tingliyi salınacaq, damlama-suvarma sistemi qurulacaq. Yeni intensiv texnologiya əsasında cərgəsi V şəkilli, təkgövdəli yeni fındıq bağı salınıb. Məqsədimiz odur ki, dayaq məntəqəsi intensiv meyvəçilik sahəsində böyük bir mərkəzə çevrilsin”.

Məntəqə qarşıya qoyulmuş məqsədə çatmaq üçün maarifləndirmə işlərinə xüsusi əhəmiyyət verir. İl ərzində bir neçə dəfə bölgə fermerləri üçün sahə nümayişləri keçirilərək yeni əkin texnologiyaları, becərmə sxemləri, tinglərin çoxaldılması üsulları, yeni ting nümunələri nümayiş etdirilir, geniş maarifləndirmə işləri aparılır. Təsadüfi deyil ki, qərzəkli meyvəçiliyin vətəni sayılan Şəki-Zaqatala bölgəsində son illər bu sahəyə maraq dəfələrlə artıb, bu işdə dayaq məntəqəsinin də öz payı var.    

Bölgədə intensiv texnologiyaların təbliği məqsədi ilə son vaxtlar dayaq məntəqəsinin sahəsində qoz ağaclarına müasir üsullarla calaq vurulması həyata keçirilir və bu proses fermerlərə izah edilir. Bu günlərdə Türkiyədən “Çantler” sortlu qələm və göz tingləri gətirilib. Dayaq məntəqəsinin əməkdaşı Abdulla Əhmədov tərəfindən intensiv texnologiya əsasında becərilən qoz ağaclarına göz və qələm calaqları vurulur. Artıq payızda fermerlər bu tingləri əldə edə biləcək.

“Calaq yaz aylarında edilməlidir.  Gövdəsi nazik ağaclara göz, qalın ağaclara isə qələm calağı vurulmalıdır. Bu üsul on beş gündən sonra öz nəticəni göstərəcək. Calaqlar lentlərlə möhkəm bağlanmalıdır ki, zərərverici sirayət etməsin. Eyni zamanda, calaq vurulandan sonra sahədə hər 3 ağaca bir ağac tozlandırıcı  əkilməlidir. Calaq vurulan yer gövdədən 25 sm yuxarıda olmalıdır. Salxım qoz bağı salanlar bilməlidirlər ki, bu ağaclardan dörd ildən tez məhsul götürmək əbəsdir. Hər il verilən məhsul  yolunub tökülməlidir ki, ağacın vegetativ inkişafı güclü getsin. Xəstəliklərinə gəldikdə isə, salxım qoz ağaclarına qarşı əsas təhlükə olan göbələk xəstəliklərinin qarşısı vaxtında alınmalıdır. Dünyada bu qoz ağaclarına çox böyük təlabat var. Salxım qoz bağı salanlar bu sahəyə investisiya qoymaqda tərəddüd etməməlidirlər”, - deyə dayaq məntəqəsinin əməkdaşı bildirib.

ZAQATALA DAYAQ MƏNTƏQƏSİNDƏ İNTENSİV ƏKİN TEXNOLOGİYALARI TƏTBİQ EDİLİR
ZAQATALA DAYAQ MƏNTƏQƏSİNDƏ İNTENSİV ƏKİN TEXNOLOGİYALARI TƏTBİQ EDİLİR
ZAQATALA DAYAQ MƏNTƏQƏSİNDƏ İNTENSİV ƏKİN TEXNOLOGİYALARI TƏTBİQ EDİLİR