HEYVANDARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTUNDA İNTENSİV DOVŞAN FERMASI AÇILIB

Böyütmək | Kiçiltmək |

Aqrar Elm və İnnovasiya Mərkəzinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Dovşançılar Assosiasiyasının birgə təşkilatçılığı ilə “İntensiv dovşançılığın kiçik ailə təsərrüfatlarının inkişafında rolu” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan institutun direktoru Mahir Hacıyev son illər aqrar sahədə aparılan islahatlara toxunaraq bildirib ki, əhalinin ət məhsullarına olan təlabatının ödənilməsi sahəsində intensiv metodların tətbiqi xüsusi əhəmiyyət daşıyır: “Xüsusən, müasir dünya təcrübəsinə əsaslanaraq cins dovşan təsərrüfatçılığının heyvandarlığın yeni bir sahəsi kimi inkişaf etdirilməsi günün tələblərindən biridir. Dünya ölkələrində əhalinin ət məhsullarına olan təlabatının təmin edilməsində dovşan ətindən geniş istifadə olunur. Ölkəmizdə bu sahənin inkişaf etdirilməsinə böyük zərurət yaranıb”.

Bunu nəzərə alaraq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu dovşançılıq sahəsində elmi-seleksiya mərkəzinin yaradılması, intensiv bəsləmə metodlarına əsaslanan fermanın qurulması prosesini başa çatdırıb. Gələcəkdə bu mərkəzdə dovşançılıqla bağlı damazlıq, zootexniki, baytarlıq və digər xidmətlərin göstərilməsi həyata keçiriləcək.

Konfransda çıxış edən aqrar sahə üzrə ekspert Nicat Nəsirli, Azərbaycan Dovşançılar Assosiasiyasının nümayəndələri Rauf Qurbanov və Bəxtiyar Məmmədov, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri intensiv dovşançılığın iqtisadi-elmi aspektləri haqda təqdimatla çıxış ediblər. Bildirilib ki, dovşançılıq ev təsərrüfatları üçün rentabelli sahədir. Belə ki, dovşanlar təbiətdə sürətlə artır və doğumdan sonra qısa bir vaxtda yenidən boğaz qalır. Boğazlıq dövrü 31 gündür, hər doğuşda 6-10 bala verir. İldə bir damazlıq dovşan yeddi dəfə doğur, ümumilikdə 50 baş bala verir. Bir baş bala üç ay bəsləmə dövründən sonra 1200-1500 qram çəki yığmaqla kəsimə göndərilir. Sürətli ət yığımına görə dovşan toyuq və balıqlarla müqayisə oluna bilər. Əti keyfiyyətlidir, ağ ət qrupuna aid edilir, şəkər, qan təzyiqindən, artıq çəkidən əziyyət çəkənlər üçün məsləhət görülür.

Konfransın sonunda dovşan ətindən hazırlanmış yeməklərin dequstasiyası təşkil olunub və intensiv bəsləmə fermasının açılış mərasimi keçirilib. Azərbaycan Dovşançılar Assosiasiyası tərəfindən yeni açılmış fermaya 20 baş cins dovşan hədiyyə olunub. Fermanın qurulmasında əsas məqsəd yaxın gələcəkdə bu vacib heyvandarlıq sahəsinin damazlıq-seleksiya işlərinin təşkil edilməsidir.

HEYVANDARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTUNDA İNTENSİV DOVŞAN FERMASI AÇILIB
HEYVANDARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTUNDA İNTENSİV DOVŞAN FERMASI AÇILIB