Elanlar

  • A
  • A
  • A

Arıçıların nəzərinə

Arıçıların nəzərinə

2015-ci ilin oktyabrın 10-dan noyabrın 10-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcəkdir.


İştirak etmək istəyən arıçılar aşağıda göstərilən sənədləri təqdim etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsi
  • Arıxananın baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi)
  • Rayon (şəhər) baytarlıq idarəsindən verilən baytarlıq şəhadətnaməsi (Forma № 2)
  • Sərgi-satış yarmarkasına gətirilmiş arıçılıq məhsullarının Zona Baytarlıq Laboratoriyasında müayinəsi barədə ekspertiza rəyi


Yarmarkada yalnız bilavasitə arıçılıq fəaliyyəti ilə məşğul olan (yəni arı saxlayan şəxslər) iştirak edə bilərlər.


Yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə veriləcəkdir. Bununla əlaqədar yarmarkada satılacaq arıçılıq məhsulları əvvəlcədən müvafiq qaydada zona baytarlıq laboratoriyalarında və Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilməlidir. Keyfiyyət göstəriciləri müvafiq laboratoriya tərəfindən təsdiq edilən arıçılıq məhsulları xüsusi nişanlanmış və arıçılıq məhsullarının saxlanılmasına icazə verilən ağzı kip bağlanmış qablarda akt əsasında yarmarkanın müvəqqəti saxlanma anbarında yerləşdiriləcəkdir.


Keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədi olmayan arıçılıq məhsullarının yarmarkada nümayişinə və satışına yol verilməyəcəkdir.


Arıçı kimi yarmarkada iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslər şəxsiyyətini təsdiq edən sənədi yarmarkaya nəzarəti həyata keçirən məsul şəxslərə təqdim etməlidirlər. Əks halda onlar arıçı kimi yarmarkaya buraxılmayacaqlar.


Nəzərinizə çatdırırıq ki, yarmarkanın keçirildiyi müddətdə şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədi ilə arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarında və satış pavilyonlarında müşahidə kameraları ilə də nəzarət həyata keçiriləcəkdir. Yarmarkada yerlərin bölüşdürülməsi arıçıların iştirakı ilə püşkatma qaydasında müəyyən ediləcəkdir.


Arıçılar öz məhsullarını tam həcmdə oktyabrın 1-dən 8-dək yarmarkanın müvəqqəti saxlanma anbarına təhvil verməlidirlər. Oktyabrın 8-dən sonra müraciət edən arıçıların məhsulları satış üçün yarmarkaya buraxılmayacaqdır..


Sərgi-satış yarmarkasında iştirak etmək istəyən arıçılar elan dərc olunan tarixdən etibarən Nazirliyin “1652” nömrəli Çağrı mərkəzinə (stasionar nömrələrdən zəng pulsuzdur) müraciət edərək qeydiyyatdan keçə bilərlər.


Maraqlanan şəxslər əlavə məlumat əldə etmək üçün (012) 4936319 və 4935164 nömrəli telefonlara zəng edə və ya ümumi qaydada birbaşa Nazirliyə müraciət edə bilərlər.


Nazirliyin “1652” nömrəli Çağrı mərkəzi bayram və istirahət günlərində də səhər saat 9-dan 18.00-dək fasiləsiz rejimdə fəaliyyət göstərəcəkdir.


Sərgi-satış yarmarkasının təşkili üzrə işçi qrupu