• Ana səhifə
  • Xəbərlər
  • “Azərbaycanda arı xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə tədbirləri, arı islahı” mövzusund...
“Azərbaycanda arı xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə tədbirləri, arı islahı” mövzusunda təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyi, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin birgə təşkilatçılığı ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanda arı xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə tədbirləri, arı islahı” mövzusunda regionlarda təlimlər keçirilib. Təlimlər yerli və Türkiyədən dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilib. Təlimdə respublikamızın müxtəlif bölgələrindən, eyni zamanda işğaldan azad olunmuş ərazilərdən olan peşəkar arıçılar, iri və xırda arıçılıq təsərrüfatı sahibləri iştirak edib. Ümumilikdə təlim kursuna arıçılıqla məşğul olan 42 fermer arıçı qoşulub.

Tədbirin açılış mərasimində çıxış edənlər sözügedən təlim proqramının dost və qardaş ölkə Türkiyə Respublikası ilə Azərbaycan arasındakı elmi əməkdaşlığın daha da möhkəmlənməsindəki rolundan, Azərbaycan arıçılığına və arıçılarına verəcəyi töhfədən, qarşılıqlı bilik və təcrübə mübadiləsinin faydasından bəhs edib, bu proqramın əhəmiyyətini vurğulayıblar.

Daha sonra Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov “Nozema serenadan qaynaqlanan arı ölümləri, onların önlənməsinə dair bir baxış” mövzusunda təqdimatla çıxış edib. Peşəkar arıçı Nəbi Nəcəfov arı parazitlərinə qarşı effektiv mübarizə üsulları barədə təlim iştirakçılarına ətraflı məlumat verib. Türkiyə Respublikası Samsun şəhər Kənd Təsərrüfatı İdarəsinin əməkdaşı Dr. Ali Korkmaz “Dünyada arıçılığın mövcud vəziyyəti və arıçılığın əhəmiyyəti”, “Arının biologiyası və həyat dövrləri”, “Arıçılıqda bölgənin seçilməsi”, “Arı fərdlərinin xüsusiyyətləri və islah prosesindəki rolu” və “İslah və qeydiyyat aparılmasının zəruriliyi” mövzularında təqdimat edib. Bu mövzular ətrafında təlim iştirakçıları ilə geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəzəri hissə ilə yanaşı, praktiki təcrübələri və arıxanalarda əyani təlimləri də əhatə edən təlim proqramı bu gün başa çatıb.