Gədəbəydə əkilmiş yeni kartof sortlarının yığımı həyata keçirilib

 

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun seleksiya nailiyyəti hesab edilən yeni kartof sortlarının Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində cari ilin aprel ayında aparılmış birgə sınaq-nümayiş əkinlərinin nəticələrinə baxış keçirilib. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutun mütəxəssisləri, Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), yerli icra hakimiyyətinin nümayəndələri və fermerlər nümayiş əkinlərinin nəticəsi ilə tanış olublar.

Yığım prosesində yeni sortların təsərrüfat xüsusiyyətləri haqqında məlumat verilib. Bildirlib ki, son dövrlərdə qlobal iqlim dəyişkənlikləri, xəstəlik və zərərvericilərin artması, az məhsuldarlığa malik sortlardan istifadə edilməsi daha keyfiyyətli kartof sortlarının yaradılmasını zəruri edir. İnstitutun alim və mütəxəssislərinin apardıqları tədqiqatların nəticəsi olan “Çənlibel”, “Vaqif”, “Uğur” və “Turan” sortlarının sınaq və nümayiş əkinlərinin nəticələri fermer və sahibkarların böyük marağına səbəb olub. Yeni kartof sortları dəmyə şəraitində yetişdirilən digər sortlardan daha çox məhsul verib. Həmçinin, həmin sortlar xəstəlik və zərərvericilərə müqaviməti ilə seçilib. Müasir seleksiya yolu ilə yaradılan yeni kartof sortlarından “Çənlibel” və “Turan” sortları daha çox məhsuldarlıq göstəricisi ilə fərqlənib.

Yeni kartof sortlarının yerli şəraitə uyğunluğu, keyfiyyəti, məhsuldarlğı barədə ətraflı müzakirələr aparılıb. Bu sortların toxumlarının çoxaldılması, növbəti mövsüm ilində sınaq nümayiş əkinlərinin sahəsininin və yeni sortların sayının artırılmasına qərar verilib.