• Ana səhifə
  • Xəbərlər
  • Həftəsonu Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
Həftəsonu Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 26-27 noyabr tarixlərində Bakı və Abşeron ərasizində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Yarmarkaların təşkilində əsas məqsəd fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini yerli, təbii və mövsümi kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Yarmarkalarda məhsullar birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq.

Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 80-ə yaxın fermer 50-ə yaxın regionu təmsil edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara daşınacaq.

Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A