• Ana səhifə
  • Xəbərlər
  • Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu quşçuluq təsərrüfatlarının inkişafına elmi dəstək göstərəcək
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu quşçuluq təsərrüfatlarının inkişafına elmi dəstək göstərəcək

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumun məqsədi tərəflər arasında təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində qeydiyyata alınmış müəssisə və təşkilatlar arasında əməkdaşlığın qurulması və bu əməkdaşlıq nəticəsində quşçuluq fəaliyyətinin daha da inkişaf etdirilməsinə elmi əsaslarla dəstək olmaqdır.

Sənədə əsasən quş əti və yumurta istehsalı və ixracı ilə məşğul olan fərdi sahibkarlar və hüquqi şəxslərin maraqlarının qorunması istiqamətində təsərrüfat subyektlərinin uzunmüddətli və hərtərəfli iqtisadi əlaqələrinin inkişafına yardım etmək, təsərrüfat subyektləri arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə təcrübə mübadiləsi məqsədilə seminar, konfrans, sərgi, yarmarka və işgüzar görüşlər təşkil olunacaq. Bundan başqa, ixtisaslaşmış kadrların hazırlanması məqsədilə mütəxəssislərlə birgə təlimlərin keçirilməsi, müasir metodların tətbiqi ilə quşçuluq sahəsində təlim və təcrübə mübadiləsinin aparılması, quşçuluq sahəsində keçirilməsi nəzərdə tutulan layihələrin koordinasiyası üzrə birgə fəaliyyətin göstərilməsi, məsləhət-informasiya xidmətinin təşkili nəzərdə tutulur.

Tərəflər subyektlərdə riskləri qiymətləndirməklə qabaqlayıcı tədbirlərin görülməsi üçün bütün yaş qrupları üzrə quş yemlərinin keyfiyyət göstəricilərinin təyin edilməsi və analizlərinin aparılması, yeni tərkibdə istehsal olunan quş yemlərinin sınağının keçirilməsi, respublikaya damazlıq məqsədilə gətirilən yeni xətt və krossların sınağı, yerli şəraitdə adaptiv xüsusiyyətlərinin öyrənilməsi, mövcud genefondun qorunması və iki mərhələli seleksiya-damazlıq proqramlarının hazırlanması, yüksək məhsuldar quşların yeni xətt və kroslarının yaradılması, cins quşların damazlıq pasportu (şəhadətnaməsi) və damazlıq ehtiyatlarının sertifikatlaşdırılması, yerli quş cins, xətt və krosslarının patentləşdirilməsi və qorunması, damazlıq yumurtanın inkubasiya keyfiyyətinin təyin edilməsi, fermerlərə konsaltinq xidmətlərinin  göstərilməsi, Ümumdünya Quşçuluq Elmi Assosiasiyası ilə əməkdaşlığın qurulmasında dəstək, beynəlxalq konqreslərdə, konfranslarda və sərgilərdə işçi qrupların iştirakın təmin olunması, dünya quşçuluq təsərrüfatları ilə əlaqələrin yaradılması istiqamətlərində monitorinqlərin keçirilməsi ilə bağlı razılığa gəliblər.