• Ana səhifə
  • Xəbərlər
  • İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 7-ci görüşü keçirilib
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 7-ci görüşü keçirilib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 7-ci görüşü keçirilib. Tədbirin keçirilməsində məqsəd İƏT ölkələri arasında aqrar sahədə əməkdaşlıq imkanlarını daha da gücləndirmək, kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqinə dair təcrübə mübadiləsi aparmaqdır.

Toplantıda çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, davam edən regional proseslər və ərzaq təhlükəsizliyini böyük stress altına salan digər qlobal çağırışlar İƏT ölkələrinin operativ və əlaqələndirilmiş əməkdaşlını zəruri edir.

“Rəqəmsal transformasiya iqlim dəyişikliyi risklərini azaltmağa və adaptasiyaya aparacaq. Azərbaycanda həyata keçirilən rəqəmsal kənd təsərrüfatının transformasiyası islahatı beynəlxalq təşkilatlar tərəfindən ən yaxşı qlobal təcrübələrdən biri kimi tanınır. Ölkəmiz bu təcrübəni İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə bölüşməyə hazırdır”.

Görüşdə çıxış edən natiqlər İƏT üzvü olan ölkələr arasında aqrar sahədə əməkdaşlıq, ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi, infrastruktur və logistika imkanlarından qarşılıqlı faydalanma, aqrar şirkətlər və sahibkarlar arasında əlaqələri genişləndirmək barədə fikirlərini bölüşüb,  İƏT platforması çərçivəsində regional səviyyədə yeni çağırışlara yönəlmiş layihələrin hazırlanması təkliflərini müzakirə ediblər.

Toplantının sonunda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 7-ci görüşünün yekun sənədi qəbul olunub.