Kənd təsərrüfatı təyinatlı PUA-ların istifadəsinə dair təlimlər davam edir

Təlimi başa vuran iştirakçılara müvafiq sertifikat və vəsiqələr təqdim olunub  

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin mütəxəssisləri üçün aqrar təyinatlı pilotsuz uçuş aparatlarının idarə edilməsi üzrə təlimlər davam edir. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimlərdə Türkiyədən dəvət olunmuş mütəxəssislər iştirakçılara pilotsuz uçuş aparatlarının xüsusiyyətləri, istifadə qaydaları, texniki göstəriciləri haqqında nəzəri biliklər öyrədirlər.

Artıq Göyçay, İsmayıllı, Ağsu, Ağdaş, Kürdəmir və Ucar Dövlət Aqrar İnkişaf Mərkəzlərinin mütəxəssisləri üçün təlim proqramı başa çatıb. İştirakçılar təlim zamanı pilotsuz uçuş aparatlarından istifadəyə dair praktiki vərdişlərə yiyələniblər. Təlimlərə bu günə kimi 62 iştirakçı qatılıb. İştirakçılar Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və Qobustan Heyvandarlıq Nümayiş Kompleksində multispektral dronlar vasitəsilə avtopilot rejimində çəkilişlərin aparılması, sahədəki torpağın münbitliyinin ölçülməsi, zərərvericilərin aşkar edilməsi, bununla yanaşı bitki örtüyü indeksinin müəyyən edilməsi istiqamətləri, eyni zamanda çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə uçuş təcrübələri həyata keçiriblər.

Təlimi başa vuran iştirakçılara Türkiyə Respublikasının Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikat və dronların idarəedilməsi üzrə sürücülük vəsiqəsi təqdim edilir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Göyçay rayonunda təlim iştirakçıları ilə görüşüb və onlara sertifikat və vəsiqələrin təqdim olunması mərasimində iştirak edib. Nazir təlim zamanı iştirakçıların praktiki bilikləri mənimsəmə səviyyəsi ilə maraqlanıb, müasir aqrar təyinatlı dronları idarə edəcək mütəxəssislərin hazırlanması istiqamətində görülən işləri müsbət qiymətləndirib.

Daha sonra təlim iştirakçılarına müvafiq sertifikat və vəsiqələr təqdim olunub.

Təlimlər davam edir.