• Ana səhifə
  • Xəbərlər
  • Payızlıq əkinlərin vaxtında bəyan edilməsi subsidiyaların daha tez ödənməsinə imkan verir – BÖLGƏLƏR...
Payızlıq əkinlərin vaxtında bəyan edilməsi subsidiyaların daha tez ödənməsinə imkan verir – BÖLGƏLƏRDƏ MƏLUMATLANDIRMA SESSİYASI

İntensiv bağlar barədə məlumatları EKTİS-də dekabrın 31-dək bəyan edən fermerlər əkin subsidiyalarını daha tez alacaqlar

Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi ilə əlaqədar bölgələrdə məlumatlandırma sessiyalarını davam etdirir. Bu istiqamətdə növbəti tədbir Göyçay, Ağdaş və Ağsu rayonlarında keçirilib.

Görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində vaxtında bəyan edilməsi monitorinqləri operativ şəkildə başa çatdırmağa, subsidiyaları ilin ilk aylarında köşürülüməsinə imkan verir. Fermer mülkiyyətində olan torpaq sahəsində hansı məhsulu əkdiyini daha tez bəyan etməklə fevral ayında subsidiya almağı qarantiya etmiş olur.  İlin əvvəlində subsidiya alan fermer öz kartındakı vəsaitdən daha səmərəli istifadə etmək imkanı qazanır. Bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyi fermerləri öz əkinlərini son tariixi gözləmədən bəyan etməyə, bununla da dövlət dəstəyindən daha tez yararlanmağa çağırır. 

Son illər Göyçay, Ağdaş və Ağsu rayonlarında intensiv bağlara maraq artıb. Bu üç rayonda min hektarlarla intensiv bağ salınıb. Əvvəlki qaydalara əsasən, bağçı fermerlər öz bağları ilə bağlı məlumatları mart-may aylarında EKTİS-ə daxil etməli idilər. Bu reqlamentə əsasən, intensiv bağlara görə subsidiyalar monitorinqlər başa çatdıqdan sonra, iyul-avqust aylarından başlayaraq ödənilirdi. İndi isə Aqrar Subsidiya Şurası çoxillik əkmələrin (bağların) EKTİS-də bəyan edilmə müddətini 9 ay olaraq müəyyən edib. Fermerlər öz bağları barədə məlumatları sentyabrın 1-dən mayın 31-dək EKTİS-də bəyan edə bilərlər. Bu ildən tətbiq olunan qaydalara əsasən, fermer intensiv bağlar barədə məlumatları 31 dekabr tarixinə kimi bəyan edərsə, müvafiq subsidiyanı əvvəllər olduğu kimi iyul ayında deyil, ilin əvvəlində alacaqlar. Bu isə bağlara aqrotexniki qulluq baxımından daha səmərəli istifadə etməyə (yemləmə gübrəsi almağa və s.) imkan yaradacaq.

Görüşlər zamanı Aqrar Subsidiya Şurasının 2022-ci il üzrə bitkiçilik sahəsində əkin, məhsul və toxum əmsallarına dair qərarının müddəaları, aqrokimyəvi analizin verilməsi zərurəti, səyyar gübrə satışı,  müəyyən olunmuş reqlamentə uyğun sığorta edilməsinin fermerlərə verəcəyi üstünlüklər, subsidiyaların verilməsi prosesində gələn ildən tətbiq olunacaq yeniliklər barədə iştirakçılara geniş məlumat verilib. İştirakçıların EKTİS-də elektron kabinetin aktivləşdirilməsi proseduru, məlumatların daxil edilmə ardıcıllığı barədə sualları ətraflı cavablandırılıb və səsləndirilən təkliflər qeydiyyata alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin payızlıq əkinlərin bəyan edilməsi ila bağlı növbəti məlumatlandırma sessiyaları Yevlax, Ucar və Kürdəmir rayonlarında keçiriləcək.